Ermənistan hakimiyyəti ABŞ-dan keçmiş müdafiə naziri Vigen Sərkisyanın Massaçusetsdəki malikanəsinə həbs qoymağı xahiş edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni prokuror Saşik Avetisyan məlumat verib.
“Çirkli pulların yuyulmasında ittiham olunan Vigen Sərkisyanın ABŞ-da qanunsuz yolla əldə etdiyi vəsaitlə malikanə aldığını nəzərə alaraq, müstəntiqin qərarı ilə İrəvan məhkəməsi tərəfindən əmlaka həbs qoyulub”, – o bildirib.
Qarşılıqlı hüquqi yardım çərçivəsində əmlakın üzərinə həbs qoyulması ilə bağlı sorğu da ABŞ hakimiyyətinə göndərilib.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Ermənistan Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sərkisyana qarşı qiyabi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətə külli miqdarda ziyan vurma maddəsi ilə cinayət işi başlatmışdı. O, Ermənistanda axtarışa verilib və ilkin məlumatlara görə, ABŞ-da yaşayır.