Separatçılara yanacaq nəqli dayandırıldı – Kreml kəskin qərar verdi

Rusiya Cənubi Osetiya və Abxaziyaya yanacaq nəqlini dayandırdığını elan edib. Məlumata görə, buna səbəb daxili bazarın tələbatının ödənilməsidir. Bununla belə Kremlin belə bir addım atması diqqət çəkir. Bəzi ekspertlər iddia edirlər ki, rəsmi Moskva bununla Gürcüstanla münasibətlərin normallaşmasına çalışır. Hətta Tiflis və Moskva arasında pərdəarxası danışıqların getdiyi də iddia edilir.

Maraqlıdır, Rusiyanın indiki məqamda belə bir addım atması nədən xəbər verir? Rəsmi Moskva Qarabağdan sonra Cənubi Osetiya və Abxaziya münaqişələrinin də tənzimlənməsini istəyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Rusiya son zamanlar Cənubi Qafqazda mövqeyini möhkəmlətmək üçün müxtəlif planlar həyata keçirir:

İlyas Hüseynov

“Xüsusilə Moskva-İrəvan gərginliyi fonunda Gürcüstanda baş verən proseslər diqqət çəkir. Burada artıq Kreml dayaqlarını möhkəmləndirib. Rəsmi Tiflis daha Moskva əleyhinə olan sanksiyalara qoşulmur.

Gürcüstan Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda ikinci cəbhənin açılmasına icazə vermədi. Qərb və Ukrayna tərəfindən bu yöndə çağırışlar olsa da daha çox praqmatik siyasətin yürüdülməsinin şahidi oluruq.

Hazırkı Gürcüstan iqtidarı rusiyameyillidir. İvanaşvili layihəsi işə düşdükdən sonra Rusiya ilə iqtisadi münasibətlərin formalaşması və münasibətlərə xələl gəlməməsi üçün başda hava nəqliyyatı olmaqla, bir sıra layihələr icra edildi.

Rusiya bütün bunları görür və buna görə də Abxaziya, Cənubi Osetiya məsələlərini arxa plana keçirir. Bu bölgələrə yanacaq nəqlinin dayandırılmasının altında həm də bu səbəb dayanır.

Gürcüstanda Qərb dayaqları da var və rəsmi Tiflis həm də bununla balans siyasəti yeritmək istəyir”.

Turan Rzayev
Globalinfo.az