Sərhədimizə yerləşdirilən silahlılar nəyə hazırlaşırlar? – Politoloqun şərhi

“Avropa İttifaqı Monitorinq Missiyasının bölgədə mövcud olduğu 2 ay ərzində sülhü təşviq edəcək hər hansı addımının şahidi olmadıq. Əlbəttə ki, onların bölgəyə sülhü bərqərar etmək məqsədilə gəldiklərini düşünmək sadəlövhlük olardı. Əgər belə bir təşəbbüs varsa, bunu Brüssel formatı çərçivəsində edə bilərlər”.

Bu sözləri Globalinfo.az-a politoloq Züriyə Qarayeva Avropa İttifaqı Monitorinq Missiyasının regionda ”fəaliyyəti” və Azərbaycanı narahat edən məqamlar haqda danışarkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Monitorinq Missiyasının regionda yerləşməsinə ehtiyac yoxdur:

“Prinsip etibarilə Paşinyan onların hakimiyyətə gətirdiyi kadrdır. Tələblərini rahat şəkildə diktə edə bilərlər. Digər tərəfdən, missiyanın tərkib hissəsi də ondan müsbətə doğru nəyisə gözləməyi mümkünsüz edir.

Vətən müharibəsi başladıqdan bəri ölkəmizə qənim kəsilən, qanunverici orqanı tərəfindən dəfələrlə suverenliyimizə təhdid xarakterli qətnamələr qəbul edən Fransanın hərbçiləri bölgəyə gətirilərkən məqsəd anlaşılan idi. Öncə mülki adı verilən missiyanın tərkibinin 70 faizi hərbçilərdən ibarət oldu.

Züriyə Qarayeva

2 aylıq nəzərdə tutulan missiya birdən-birə vaxtını uzatmaq qərarına gəldi. Əlbəttə ki, məqsəd çox sadədir. Cənubi Qafqazda Rusiya ilə mübarizəni yerində aparmaq. Bu mübarizədə Azərbaycanın maraqları hansı səviyyədə nəzərə alınacaq? Son təxribatlar göstərdi ki, heç bir şəkildə. Təxribatların zamanlaması da düşünmürəm ki, təsadüfidir.

Bu cür diversiya aktlarından dərhal sonra nədənsə gündəmə emissarların sayının artırılması gətirilir. Deməli, addımlar birbaşa Rusiyaya yönəlib. Moskva isə təslimçi sülh müqaviləsinin Paşinyan tərəfindən imzalanmasından yanadır. Belə olduqda Kreml erməni cəmiyyətini İrəvan administrasiyası əleyhinə daha kəskin şəkildə qaldıra bilər. Bu isə Ermənistanda Rusiya dayaqlarının güclənməsi ehtimalını yaradır ki, Qərb bu nəticədən yayınmağa çalışır”.

Turan Rzayev
Globalinfo.az