Sərhəddə yeni eskalasiya yaşana bilər – Xaçaturyan

“Ermənistanı Paşinyan təmsil etdikcə danışıqların harada keçirilməsindən asılı olmayaraq, İrəvanı yaxşı heç nə gözləmir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Blokundan deputat Artur Xaçaturyan deyib.

O, hazırda aparılan danışıqların gündəmini Azərbaycanın diktə etdiyini söyləyib. Xaçaturyan Ermənistan hakimiyyətinin Türkiyə-Azərbaycan ittifaqının tələblərini davamlı icra etdiyini bildirib:

“Diaspor ilə iş üzrə komissar Zare Sinanyan “soyqırım”ın beynəlxalq tanınması prosesinin bitdiyini elan edir. Rusiya baş nazirinin müavini isə tərəflərin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında kommunikasiyaların bərpasına çox yaxınlaşdığını vurğulayır. Görünür, yaxın aylarda Azərbaycanla yekun sülh müqaviləsi imzalanacaq. Bu, kifayət qədər realdır, çünki rəsmi Bakı təzyiqləri artırır. Sonuncu dəfə Ermənistan tərəfi vaxtı uzadanda eskalasiya yaşandı, bu dəfə də eyni şey baş verə bilər. Bu isə Paşinyana atacağı addıma sərhəddə qan axıdılmasının qarşısını almaq bəhanəsi ilə haqq qazandırmağa imkan verəcək”.

İlkin Həsənov
Globalinfo.az