Zəngəzurda döyüşlər niyə başladı? – Moskva görüşü ilə bağlı təklif

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında mayın ikinci yarısında baş tutmalı olan növbəti görüşün Vaşinqtonda keçiriləcəyi haqda məlumatlar yayıldı. Ötən gün Rusiya tərəfi görüşün Moskvada keçirilməsini təklif etdi. Bənzər təşəbbüsün Brüsseldən də gəlməsi gözlənilir.

Maraqlıdır, Rusiya Qarabağdakı prosesləri idarə edir? Azərbaycan bu durumdan məmnundurmu? Bizə Rusiya, yoxsa Qərb variantı sərflədir? İki pisdən hansı yaxşıdır?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, görüş məkanlarının əhəmiyyəti və fərqi yoxdur:

“Moskva, Vaşinqton və Brüsselin hər üçü sözdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir. Ancaq Kreml indidən tərəflərə mesaj göndərir ki, sülh sazişi Vaşinqton və ya Brüsseldə imzalanarsa, bu, uzunömürlü olmayacaq. Bu o deməkdir ki, sülh sazişi Qərbdə imzalanarsa, Rusiya buna müxtəlif yollarla mane olacaq, təmas xəttində gərginlik azalmayacaq.

Elxan Şhainoğlu

ABŞ və Avropa İttifaqının əlində Rusiya kimi bölgəni qarışdıracaq alətlər yoxdur. Bu onlara lazım da deyil. Vaşinqton və Brüsselə Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlıq, o cümlədən Rusiyanın təsirinin azalması lazımdır. Bu olacaqsa, ABŞ və Avropa İttifaqı məmnun qalacaq. Ancaq Kreml Azərbaycanla Ermənistan arasında barışın əldə olunmasını ona görə təmin etmək istəmir ki, bölgə ölkələri ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirsinlər. Bu, Kremlin maraqlarına ziddir. Rusiya paytaxtında imzalana biləcək mümkün sülh sazişi bölgədə Rusiyanın təsir imkanlarını artırmağı hədəfləyir”.

Politoloq Məhəmməd Əsədullazədə isə deyib ki, Vaşinqton sülh müqaviləsinin bağlanması istiqamətində real addımlar ataraq prosesə yekun vurmağa çalışır

“Görüşdən əvvəl Laçın istiqamətində Ermənistan tərəfindən atəşkəsin pozulmasına və təxribatlara yol verilməsi təsadüfi deyildi. Moskva təxribatın arxasında olub. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması üçün Rusiya Ermənistan ordusundan təxribatlar üçün geniş istifadə edir. Demək olar ki, Nikol Paşinyan orduya nəzarət edə bilmir, yaxud proseslərin bu nöqtəyə gəlməsində maraqlıdır. Belə aydın olur ki, ordu ilə hökumət arasında ciddi koordinasiya problemi yaranıb.

Məhəmməd Əsədullazadə

Liderlərin Moskvada görüşünə gəlincə, bu da nəticəsiz görüşün davamıdır. Rusiya rəhbərliyi görüntü yaradıb, prosesləri idarə etmək planını həyata keçirir. Azərbaycan Moskvada görüşə qatılmamaqla, obyektiv mövqe ortaya qoya bilər. Moskva görüşü sülh üçün deyil, böhranın davam etməsinə xidmət edir”.

Turan Rzayev
Globalinfo.az