Sərhəddə iki ardıcıl erməni təxribatı – Yeni hərbi toqquşma gözlənilir?

12-13 fevral tarixlərində Azərbaycan-Ermənistan şərti sərhədində yaşanan gərginlik, düşmən təxribatına Ordumuzun adekvat cavab verməsi İrəvanda təşvişə səbəb olub. Ötən gün isə ermənilər Kəlbəcər istiqamətində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstəriblər.

Son proseslər regionda yeni eskalasiya ehtimalını gündəmə gətirib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, Zəngilan, Kəlbəcər istiqamətində baş verən hadisələr Ermənistan ordusunda böyük boşluqların, xaosun olduğunu göstərir:

“Ona görə də biz erməni təxribatına qəti cavab verməliyik. Çünki növbəti dəfə artilleriya atəşi ilə əsgərlərimizə, sərhəd ərazilərdə yaşayan insanlara atəş aça bilərlər. Bu mənada qisas əməliyyatı yerində keçirilmiş hərbi fəaliyyət idi.

Üzeyir Cəfərov

Düşünmürəm ki, Ermənistan bundan sonra sərhəddə hər hansı ağılsızlığa yol verəcək. Son hadisəni törədənlər də DSX tərəfindən sərt şəkildə cəzalandırılıdı. Bu qisas əməliyyatı Ermənistan üçün dərs olmalıdır. Prosesin hansı ərazidə baş tutmasından asılı olmayaraq Azərbaycan öz əsgərinin, vətəndaşının həyatını qorumaq üçün legitim hərbi hədəfləri sıradan çıxaracaq. Rəsmi Bakı gərginliyin davam etməsinin tərəfdarı deyil, lakin özünümüdafiə hüququnu daim saxlayır”.

Safura Bənnayeva
Globalinfo.az