Separatçıların həbsi davam edəcək? – “Ermənistandakı bu terrorçular Bakıya gətiriləcək”

Azərbaycanlılara qarşı hərbi cinayət törətmiş bir neçə şəxs həbs edilib, artıq onların ifadələrinin alındığı bildirilir. Separatçılığı maliyyələşdirən Ruben Vardanyan, Qarabağda hərbi cinayətlər törətmiş Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Davit İşxanyan və həbs edilən bəzi qondarma rejim nümayəndələri ilə bağlı araşdırma davam edir.

Laçın yolunda ard-arda saxlanılma xəbərlərinin yayılmasından sonra, bir neçə gündür bu istiqamətdə müşahidə olunan sakitlik diqqət çəkir.

Separatçıların həbs prosesi yekunlaşdı? Başqa hansı terrorçu separatçıların həbsi gözlənilir?

Əziz Əlibəyli 

Prosesi Globalinfo.az-a şərh edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, separatçıların həbs prosesi dayanmayıb, hazırda davam edir:

“Lakin bu istiqamətdə təbliğat aparılmamalıdır. Separatçılıq və ona qarşı mübarizə adı doğrudur. Amma qlobal medianın buna münasibətdə interpretasiyası fərqlidir. Məsələ ilə bağlı Azərbaycanı ittiham edən faktorlar üzərindən rəylər formalaşdırılır. Bu mənada proseslə bağlı anonslar, ifadələr, əzələ nümayişi sadəcə ədəbiyyatdan çıxarılır. Onun yerinə sərt gücün diplomatiya ilə əvəz olunması prosesi aparılır. Çünki mərhələlər üzrə strateji planlara, hədəflərə çatılırsa, indiki şəraitdə bunu davam etdirmək mənasızdır.

Terroçular dedikdə, Ermənistanda yaşayan şəxslərin mühakimə olunması mərhələsinə də keçid ediləcək. Biz cinayətlərdə əli olan şəxslərin ölkəmizə gətirilərək mühakimə etmə iqtidarını əlimizdə saxlayırıq”.

Ayşən Mustafa
Globalinfo.az