İranda 2 il həbsdə saxlanılmış Fərid Səfərli Azərbaycana qaytarılsa da, mövzu ətrafında müzakirələr davam edir. Fəridi sərhəddə təhvil verməyə gətirən SEPAH zabiti ona, “Sənin qalan bir ayını 10 il etmək bizim üçün çətin iş deyildi”, – söyləyib.
SEPAH zabitinin bu sözləri Azərbaycanda birmənalı qarşılanmayıb və hiddətə səbəb olub. Bəs hansı hallarda və nəyə əsasən onlar F.Səfərlinin həbs müddətini artıra bilərdi?
Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənovun fikrincə, İranda hər şey mümkündür.
Onun sözlərinə görə, lakin ümumi qəbul olunmuş qərara görə, kimə nə qədər azadlıqdan məhrumetmə cəzası verirlərsə, o qədər də cəza çəkir:
“Bu, dünyanın hər yerində tətbiq olunur. Bir də görürsünüz ki, adamı 1-2 il müddətinə həbs edirlər, sonra onun cəza müddətini artırmaq üçün elə addım atılır, guya həmin şəxs həbsdə olarkən cinayət törədib. Beləliklə azadlıqdan məhrumetmə müddətini artırırlar. İranda da elə şeylər var ki, bəzən onlar insanın ağlına da gəlmir”.
Hüquqşünas deyib ki, İranda Fərid Səfərlinin cəzasını artırmaq üçün istədikləri bəhanəni gətirə bilərdilər:
Əkrəm Həsənov
“Guya həbsxanada kimisə döydü, söydü və s. iddia səsləndirərdilər. Adamın boynuna min dənə məsələ yükləməyə nə var ki?! Bilirsiniz, bir adam azadlıqdan məhrum edilibsə, artıq orada onun başına istənilən oyunu aça bilərlər. O da ola İran kimi dövlətdə. Hansı ki, orada insan haqlarından danışmağa dəyməz. Orada hər şey mümkündür”.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib.
F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.
Daha sonra ona İranın rəsmi qurumları tərəfindən casusluq ittihamı irəli sürüldüyü məlum olub.
19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmənin hökmü ilə o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb.
Zaira Akifqızı
Globalinfo.az














