Qisas əməliyyatı başladı: dağıdıcı zərbələr endirilir – İran birbaşa müharibəyə girir?

“İranın Kirmandakı terror aktına görə qisas alıb-almayacağı ilə bağlı əksər şərhçilərin fikri ondan ibarət idi ki, Qasım Süleymani hadisəsindən sonrakı proses təkrarlanacaq. Yəni İran ABŞ-a cavab verməkdən çəkinəcək. Bu fikirlər məsələyə həmin dönəmin pəncərəsindən baxıldığına görə yaranır. Əslində, indiki situasiyada İranın cavabının olacağı dəqiq idi, çünki Yaxın Şərqdə geosiyasi durum əvvəlki dönəmlərdən tamamilə fərqlidir”.

Bunu Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu SEPAH-ın İraq və Suriyada ABŞ hərbi bazalarına ardıcıl zərbələr endirməsini şərh edərkən deyib.

O bildirib ki, Ukrayna müharibəsi və İsrail-HƏMAS toqquşması nəinki Yaxın Şərqdə, ümumiyyətlə, dünyadakı vəziyyəti kökündən dəyişib:

“İlk növbədə Qərbin mövqeləri sarsılıb. O cümlədən Amerika Birləşmiş Ştatları başda olmaqla Qərbə qarşı ittifaqlar daha da güclənib. Birləşmiş Ştatlar və müttəfiqləri ilə bağlı mif dağılıb. Yaxın Şərqdə ABŞ-a qarşı əks qüvvələr isə gücləniblər. Buna görə də İran vəziyyəti öz lehinə dəyərləndirəcək. Bu baxımdan Qərb Yaxın Şərqdə daha rahat hərəkət edə bilməyəcək.

Əli Zülfüqarov 

İranın cavab addımları Baydenə qarşı olan ABŞ silah sənaye kompleksinin də maraqlarına uyğundur. Baydenin reytinqinin daha da enməsi üçün o, Yaxın Şərqdə də uğursuzluğa düçar olmalıdır. Yəni ABŞ-da Baydenə qarşı olan güc İranın hücumlarının artmasında maraqlıdır. Amma mən düşünmürəm ki, İran bunu birbaşa açıq və rəsmi şəkildə həyata keçirəcək. İran Yaxın Şərqdə kifayət qədər güclü olan proksi qüvvələri vasitəsilə ABŞ mövqelərinə çox ciddi zərbələr endirəcək. Hesab edirəm ki, tezliklə Yaxın Şərqdə vəziyyət daha da gərginləşəcək”.

Turan Rzayev
Globalinfo.az