Ermənistan itkilər verdi, yenidən aktivləşə bilər – Gərginlik

Ermənistan itkilər verdi, yenidən aktivləşə bilər - Gərginlik

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dünən Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bundan başqa, Naxçıvan istiqamətindəki mövqelərimiz də atəşə tutulub. Qeyd olunub ki, Azərbaycan ordusu adekvat tədbirlər görüb.

Globalinfo.az xəbər verir ki, bu barədə siyasi-şərhçi Kənan Novruzov qeyd edib.

Onun fikrincə, sentyabrın 1-də şərti sərhəddə yaşanan gərginlik çox çəkməyib, vəziyyət tez bir zamanda sakitləşib:

“Həmin hərbi toqquşma nəticəsində erməni tərəfi ən azı 4 itki verdi. Sentyabrın 2-də Ermənistan baş naziri Nikol Paşinyan qondarma qurumun “müstəqillik günü” ilə bağlı çıxışında Azərbaycana ərazi iddiaları irəli sürdü. Şübhəsiz ki, bunun əsas səbəbi daha çox Qarabağ ermənilərinə xoş gəlmək idi. Buna baxmayaraq, Paşinyanın son iddiaları onun sülhlə bağlı daha əvvəl səsləndirdiyi bəyanatlar, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair açıqlamaları ilə üst-üstə düşmür.

Doğrudur, Paşinyanın xarici siyasət kursu sürüşkəndir. Onun bu gün dediyi ilə dünən dediyi uzlaşmaya bilər. Ümumiyyətlə, Ermənistan hökumət başçısı çətin proqnozlaşdırılan siyasətçidir. Bunun əsas səbəbi isə baş nazirin nəinki iki, bir neçə daş arasında qalması və ona kənardan göstərilən təzyiqlərdir”.

K.Novruzov deyib ki, Paşinyanın son bəyanatları ilə dünən mövqelərimizin növbəti dəfə atəşə tutulması, əslində, eyni ritorikanın hərbi və siyasi müstəvidə ifadəsidir:

“Hərbi provokasiyaların qarşıdakı günlərdə də təkrarlanması mümkündür. Bu isə regional sabitliyə təhdid yaratmaqla yanaşı, növbəti hərbi əməliyyatların başlamasına rəvac verə bilər.

Bir çox ekspertin fikrincə, sentyabr ayı Azərbaycan ordusu üçün xüsusi əhəmiyyətlidir. Ermənistanın sabotaj cəhdlərini nəzərə alsaq, deməliyik ki, bu ay ərzində hərbi hərəkətliliyin artması gözləniləndir. Ermənistanın təxribatları dayanmazsa, daha ciddi hərbi əməliyyatların başlanması mümkündür ki, bu da Paşinyanın regional siyasətinə təsir edəcək”.

Zaira Akifqızı
Globalinfo.az