Sənədsiz evlərin və obyektlərin sahiblərinə ŞAD XƏBƏR – İlin sonuna kimi…

Sənədsiz evlərin və obyektlərin sahiblərinə ŞAD XƏBƏR - İlin sonuna kimi...

Son zamanlar gündəmə gələn məsələlərdən biri də çıxarışı olmayan evlərlə bağlıdır. Yüzlərlə sakin illərdir yaşadıqları mənzilə çıxarış ala bilmirlər. Bəs bu məsələ həllini nə vaxt tapacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Bakının mərkəz ərazilərində sovet dövründən qalmış yaşayış massivləri var ki, əksəriyyətinin çıxarışı yoxdur.

O, bir neçə ərazinin adını qeyd edib:

“Yasamal, Alatava, “Papanin”, “Kubinka” və s. bu tip yerlər şəhərin mərkəzidir, yüz ildən artıqdır orada evlər tikilib. Həmin ərazilər əkin sahəsi, neft ərazisi deyil, sırf yaşayış məntəqələri və torpaqlarıdır. Lakin bunlara çıxarışlar verilmir. Təəssüf ki, bu ərazilərdə əksər evlərin çıxarışı yoxdur. Çıxarışın verilməməsini müxtəlif formada əsaslandırırlar. Deyirlər, torpağın çıxarışı olmalıdır. Onsuz da o torpaqlarda, mərkəz ərazilərdə çıxarışlar az hallarda olur. Bu evlərin çıxarışı olmasa da, hər birinin köhnədən qalma ev kitabçası (domovoya kniqa) olurdu. Bir sözlə, ilkin sənədləri var. Həmçinin bələdiyyə torpaqları üzərinə tikilmiş evlər də kifayət qədərdir ki, o torpaqlar əkin sahəsi, digər təyinat yeri deyil, yaşayış məntəqələrdir. Amma vətəndaşların çıxarış almasında ciddi problemlər yaranır”.

Ekspert deyib ki, burada vətəndaş təşəbbüsü olmalıdır, onlar aidiyyəti quruma müraciət etməlidirlər:

“Vətəndaş bu sahəni, müraciət qaydalarını bilməyə bilər. Bunun üçün aidiyyəti üzrə həmin qurumlar özləri maraqlı olmalıdır ki, çıxarışsız əmlaklar çıxarışla təmin olunsun. Bu həm vətəndaşın mülkiyyət hüququnun bərpa olunmasına səbəb olur, həm də dövlətin bu sahədə çox böyük itkiləri var. Çıxarış olmadığına görə, həmin əmlaklar əmlak və torpaq vergisinə cəlb oluna, sığortalana və s. bilmirlər. Həddindən artıq çox sahələr var ki, dövlət oradan gəlir əldə edə bilər, büdcə formalaşar. Təəssüf, çıxarışın verilməməsi səbəbindən dövlət də bu sahədən yararlana bilmir”.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, bununla bağlı artıq dövlət rəsmiləri tərəfindən açıqlamalar olub:

“Əmlak Məsələləri üzrə Dövlət Xidməti, eyni zamanda Ədliyyə Nazirliyi bu istiqamətdə problemin həll olunması üçün müəyyən hüquqi və texniki işlərin həlli ilə məşğuldurlar. Bura təbii ki, xeyli sayda yığılıb qalmış fərdi evlərin sənədləşdirilməsi məsələsi də daxildir. Hətta onunla bağlı bir portal da hazırlanır. Fikrimcə, burada artıq hüquqi istiqamətlər tam olaraq bəllidir. Texniki məsələlərin həlli bitdikdən sonra yəqin ki, bu proses ilin sonuna qədər başa çatacaq. Bundan sonra artıq bununla bağlı qərar açıqlanacaq. Hər halda bu ilin sonuna qədər prosesə start veriləcək. Ən azı sənədlərin qəbulu mərhələsinə başlanacaq”.

R.Osmanlı deyib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə cavab verməyən, ilkin qeydiyyat üçün sənədi qaydasında olmayan, eyni zamanda Mülki Məcəllənin 8-ci maddəsinə görə, özbaşına tikili statusunda olan fərdi yaşayış evləri var ki, bu proqram çərçivəsində onların sənədləşdirilməsi və qeydiyyat probleminin həlli nəzərdə tutulur:

“Burada prioritet istiqamətlərdən biri də ondan ibarətdir ki, evlərin sənədləşdirilməsi zamanı mühafizə zolaqlarına düşən, aktiv mədən ərazilərində yerləşən və vulkanik ərazilərdə tikilən evlər, obyektlər istisna olmaqla təxmini 400-500 min tikilinin qeydiyyat problemi öz həllini tapacaq”.

Zaira Akifqızı
Globalinfo.az