Son günlər sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin (“Semaşko”) həyətində bir qrup şəxsin narkotik maddədən istifadə etməsi ilə bağlı məlumatlar yayılıb. Sosial şəbəkə istifadəçiləri sözügedən şəxslərin narkotik maddə qəbul etdiyini bildirsələr də, araşdırmalarımız nəticəsində fərqli bir mənzərə ortaya çıxıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, həmin şəxslər bir müddət əvvəl narkotik asılılığı səbəbindən müalicə almış və bu aludəlikdən xilas olduğu üçün artıq narkodispanserdən təxliyə edilmiş şəxslərdir.
Araşdırmalarımız zamanı o da məlum olub ki, onlar təxliyə edilsələr də, mütəmadi olaraq dərmanla təmin edilib, müalicələrini ev şəraitində aparırlar. Bu şəxsləri həmin dərmanlarla isə Kliniki Tibbi Mərkəz təmin edir. Lakin onların dərmanları Kliniki Tibbi Mərkəzdən əldə etdikdən sonra elə oradaca da qəbul etməsi sosial şəbəkələrdə müyyən yanlış fikirlərin yayılmasına səbəb olub.
Bir qrup istifadəçi klinikanın önündə narkotik maddə qəbul edilməsinin təhlükəli hal olduğunu desələr də, bəzi istifadəçilər məlum videoda onların narkotik maddə yox, bu asılılıqdan tam qurtulmaq üçün xüsusi dərmanlar qəbul etdiyini və bunun müalicə proseduruna uyğun olduğunu vurğulayıblar.
Burada fikir ayrılığına və anlaşılmazlığına səbəb olan məqam isə, qeyd etdiyimiz kimi, həmin şəxslərin dərmanları küçədə qəbul etməsidir. Məlumata görə, artıq sözügedən şəxslər onlara verilən dərmanları küçədə deyil, ev şəraitində qəbul etməklə bağlı təlimatlandırılıblar.














