“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı məhkəməyə gətirilmədiyi üçün iclas onlayn formada baş tutub.
Məhkəmə Əvəz Zeynallının xəstəliyinin təsdiqi üçün tibbi şəhədətlədirilməyə göndərilməsi barədə qərar verib.
Məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.
Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.
***09:55
Bu gün jurnalist Əvəz Zeynallı və media eksperti Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün məhkəməyə edilmiş müraciətlərə baxılacaq.
Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, hər iki media nümayəndəsinin xəstəliyi ilə bağlı həbsdən azad edilməsi istənilir.
İlk proses Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10:30-a təyin edilib. Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə heyəti “Toplum Tv” işi üzrə ittiham olunan Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması vəsatəti üzrə qərarını açıqlayacaq. Vəsatətə əsas kimi təqsirləndirilən şəxsin ağır xəstəlikdən əziyyət çəkməsi göstərilib.
Saat 15:30-da isə Nizami Rayon Məhkəməsində Əvəz Zeynallının cəzasının çəkilməmiş hissəsindən azad edilməsi məsələsi müzakirə ediləcək. Burada qərarı hakim Nigar Qədirli qəbul edəcək.
Bu yaxınlarda Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkar edilib. Ərizənin təmin edilməsi üçün də əsas olaraq bu göstərilib. Qanuna görə, məhkum ağır xəstəliyə tutularsa, cəzaçəkmədən azad edilə bilər.
Qeyd edək ki, Ələsgər Məmmədli ötən il həbs edilib. Onun cinayət işi üzrə məhkəmə araşdırması indi başlayıb. Əvəz Zeynallı isə ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.














