ehali

Yay mövsümündə insanlar Dənizkənarı bulvar, parklar və digər istirahət məkanlarında internetə qoşulmaq üçün ictimai Wi-Fi şəbəkələrindən daha çox istifadə edirlər. Bu şəbəkələr rahat və ödənişsiz olsa da, şəxsi məlumatların təhlükəsizliyi baxımından müəyyən risklər yarada bilər.

Bu təhlükələrdən necə qorunaq?

Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, pulsuz Wi-Fi şəbəkələrinin əsas təhlükəsi məlumatların kifayət qədər qorunmamasıdır:

“Xüsusilə parolsuz və ya zəif qorunan şəbəkələrdə kibercinayətkarlar istifadəçilərin internet trafikinə nəzarət etməyə cəhd göstərə bilərlər. Belə hallarda şəxsi məlumatların ələ keçirilməsi riski artır. İstifadəçi internet bankçılığına daxil olarkən, ödəniş edərkən və ya şəxsi hesablarına giriş zamanı daha diqqətli olmalıdır. Açıq Wi-Fi şəbəkəsi üzərindən bank əməliyyatları aparmaq tövsiyə edilmir. Həmçinin dövlət xidmətləri və elektron poçt hesablarına daxil olmaq da risk yarada bilər. Bəzi hallarda fırıldaqçılar rəsmi şəbəkəyə bənzər saxta Wi-Fi nöqtələri yaradırlar. İstifadəçilər fərqinə varmadan həmin şəbəkəyə qoşula və məlumatlarını paylaşa bilərlər. Buna görə də qoşulacağınız şəbəkənin həqiqətən aid olduğu obyektə məxsus olduğuna əmin olmaq lazımdır”.

esqin

Eşqin Nuruşov

Ekspert bildirib ki, mümkün olduqda mobil internetdən istifadə daha təhlükəsiz seçim hesab edilir:

“Açıq Wi-Fi-dan istifadə zamanı VPN xidmətlərindən yararlanmaq məlumatların şifrələnməsinə kömək edir. Telefon və kompüterin əməliyyat sistemini mütəmadi yeniləmək də vacibdir. İki mərhələli identifikasiya funksiyasını aktiv saxlamaq hesabların qorunmasını gücləndirir. Şəxsi məlumatlarınızı tələb edən naməlum saytlara daxil olmamaq lazımdır. Wi-Fi şəbəkəsinə qoşulduqdan sonra fayl paylaşımı funksiyasını söndürmək tövsiyə edilir. İstifadə bitdikdən sonra isə həmin şəbəkəni cihazdan unutdurmaq faydalıdır ki, telefon sonradan avtomatik qoşulmasın. Hər pulsuz Wi-Fi təhlükəli olmasa da, istifadəçi təhlükəsizlik qaydalarına əməl etməlidir. Sadə ehtiyat tədbirləri şəxsi məlumatların oğurlanması riskini əhəmiyyətli dərəcədə azaldır. Rəqəmsal təhlükəsizlik gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Buna görə də rahatlıq naminə şəxsi məlumatların təhlükəyə atılmasına yol vermək olmaz”.

Ləman İmran
Globalinfo.az

Paylaş: