“Sədərək” ticarət mərkəzində yanğın tam söndürülüb, 3 nəfər tüstüdən zəhərlənib – FOTO+VİDEO -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb. 

Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.

Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb. 

Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***21:50

“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbilə 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. İki nəfərə isə tüstüdən zəhərlənmə səbəbilə yerində yardım göstərilib.  

Bu barədə Globalinfo.az-a TƏBİB-dən departament rəhbəri Zamirə Adilova məlumat verib.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub. Yanğın səbəbilə hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb olunub.

***21:12

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb. Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.

***19:53

Globalinfo.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin 10-dan artıq texnikası və çoxsaylı canlı qüvvəsi cəlb olunub.

***19:40

“Sədərək” TM-də baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib”.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb”, – DİN rəsmisi qeyd edib.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.