Seçkilərin sürpriz namizədi danışdı: “Ölkədə bu islahatlara ehtiyac var”

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak üçün bir neçə şəxs namizədliyini irəli sürü. Onlar artıq sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim ediblər.

Namizədliyini irəli sürənlərdən biri də Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevdir. Bu barədə partiyanın siyasi şurası qərar qəbul edib. Sürpriz namizədlərdən olan E.Musayev məlumata görə, hələ 2003-cü ildə də prezidentliyə namizədliyini irəli sürüb, lakin MSK tərəfindən qeydə alınmayıb. O cümlədən, son 5 parlament seçkilərində deputatlığa namizəd olan partiya sədri hər dəfə dairə üzrə ikinci çox səs toplayan şəxs olub.

Globalinfo.az-a açıqlamasında namizədliyinin irəli sürülməsindən danışan E.Musayev rəqiblərinin hər birinin öz məqsədi olduğunu deyib:

“Digər namizədlərlə normal münasibətlərim var. Təbii ki, bu prosesdə hazırkı ölkə Prezidenti İlham Əliyev əsas rəqibdir. Onun şansı tamam fərqli qiymətləndirilir. Digər namizədləri də tanıyıram, dostlarımızdır. Hesab edirəm ki, bu seçkilərdə hər kəsin qarşısına qoyduğu bir məqsəd var. Özüm də daxil olmaqla, hər kəsə uğurlar arzu edirəm”.

E.Musayev ölkədə bir sıra islahatların həyata keçirilməsinin vacib olduğunu bildirib:

“Biz 44 günlük Vətən müharibəsində zəfər çaldıq, ərazi bütövlüyümüzü bərpa etdik. Bir çox uğura imza atdıq, qalib xalqıq. Qalib xalqın da iqtisadi, sosial və s. problemləri var. Bunlar aradan qaldırılmalı və qalib xalq qələbəyə layiq həyat yaşamalıdır. Ölkədə bunun üçün fundamental konstitusion islahatlara ehtiyac var. Aztəminatlı təbəqənin hüquqları qorunmalı, tələbləri yerinə yetirilməlidir. Azərbaycanda azyaşlı uşaqlardan tutmuş ahıllara kimi hər kəsin yaxşı yaşamağa haqqı var. Bunun üçün əmək sərf edilməlidir”.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Böyük Quruluş Partiyasından (BQP) partiya sədri, deputat Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev və Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədlikləri irəli sürülüb.

Ayşən Mustafa
Globalinfo.az