“Seçkidə 10 namizədlə qalib gəlmək imkanımız var” – İqbal Ağazadə

“Seçkidə 10 namizədlə qalib gəlmək imkanımız var” – İqbal Ağazadə

“Ümid partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır. 75 nəfər namizəd kimi mərkəzi aparata müraciət edib. Onların 60-nın dairələr üzrə adı müəyyən olunub. 15 nəfərin dairəsi isə hələ müəyyən edilməyib”.

Bu sözləri Globalinfo.az-a Ümid Partiyasının sədri İqbal Ağazadə qarşıdan gələn növbədənkənar parlament seçkiləri və partiyasının seçki hazırlıqları haqda danışarkən deyib.

Onun sözlərinə görə, 15 nəfərin dairəsinin hələ müəyyən edilməməsi dislokasiyalarda dəyişiklikləri olması ilə bağlıdır:

“Belə ki, bəzi dairələrin sayı artırılıb, yeniləri yaradılıb. Misal üçün, Sumqayıt ərazisində əvvəl 4 dairə vardısa, hazırda 6 dairə var. Xətai rayonunda 4 dairə var idisə indi 3 Xətai, bir qarışıq dairə var. Abşeronda bir dairə, bir də qarışıq dairə var idisə, indi 4 dairə müəyyən olunub. Lənkəran və digər bölgələrdə bənzər dəyişiklər var”.

İ.Ağazadə deyib ki, Ümid Partiyasının növbədənkənar parlament seçkilərinə hazırlıq səviyyəsi özünü seçki prosesi zamanı göstərəcək:

“İnşallah seçkilərə qatılacağıq. Mən isə əvvəlki dairəmdən qatılacam. Düzdür, indi əvvəlki 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin dislokasiyası bir qədər dəyişib. Belə ki, bu dairə bütövlükdə qalıb, amma ora Suraxanı rayonundan məntəqə əlavə olunub. Dairənin adı da 36 saylı Xətai-Suraxanı dairəsi olub. Mən də həmin dairədən namizəd olacam”.

Partiya rəhbəri növbədənkənar parlament seçkilərində Ümid partiyasının neçə namizədinin qalib gəlmə ehtimalını dəyərləndirib:

“Bunu indidən söyləmək çətindir. Çünki keçən seçkinin nəticələrinə görə mən qalib idim. Amma parlamentdə təmsil olunmadım. Bununla belə, bu seçkilərdə demokratik dəyişiklik olsa, ən azı 10 namizədimizin qalib gəlmə imkanı yüksəkdir”.

Turan Rzayev
Globalinfo.az