Rusiyanın böyük şəhərlərinin vurulmasının anonsu verildi

Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə etmək niyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin müavini Dmitri Polyanski deyib.

“İlk növbədə demək istərdim ki, bizim nüvə doktrinamız var. Burada deyilir ki, biz nüvə silahını ilk istifadə etməyəcəyik. Bu silahdan yalnız Rusiyanın mövcudluğuna təhdid yaranan zaman istifadə edilə bilər”, – o qeyd edib.

Polyanski Ukraynada nüvə silahından istifadəni istisna etməyib:

“Bu, NATO-nun müharibəyə hansı səviyyədə qatılmasından və Rusiya qarşısına hansı miqyasda təhdidin dayanmasından asılı olacaq”.

Moskvanın nüvə silahı təhdidinə baxmayaraq, Kiyev yenidən savaşı Rusiyanın daxilinə daşımaq niyyətində olduğunu açıqlayıb. Anneksiya edilmiş Krım, eləcə də Rusiyanın sərhədyanı bölgələrində partlayışlardan sonra çıxış edən Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksey Danilov Rusiyanı daha ağır günlər gözlədiyini bildirib:

“Qulaq asın, müharibə gedir. Biz haradan bilək ki, nə haradan uçur? Bu bizim ərazi deyil, biz oradan onlardan kimin axmaqlıq etdiyini görmürük. Mən sizə yeganə şeyi deyə bilərəm. Əgər ruslar hesab edirlərsə ki, rahat olacaqlar və bizi daima təzyiq altında saxlayacaqlar, o zaman çox yanılırlar. Moskva, Sankt-Peterburqda evlərin damlarına qoyulmuş hava hücumundan müdafiə sistemləri onlara kömək etməyəcək”.

İlkin Həsənov
Globalinfo.az