WhatsApp Image 2026 01 19 at 10.55.50 900x507 3

Bir neçə gündür Sumqayıtda küçə ticarətinə qarşı keçirilən reyd zamanı məmurun satıcıya qarşı kobud davranışı və yol kənarında yerləşdirilmiş meyvələri müsadirə etməsi geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunun baş məsləhətçisi işləyən həmin məmurla əlaqə saxlayıb. Maraqlıdır ki, tənqid hədəfinə çevrilən hərəkətlərinə aydınlıq gətirməsi gözlənilən məsləhətçi Samir Bədəlov müxtəlif bəhanələrlə sualları cavablandırmaqdan imtina edib.

Sitat: “Nə olub, nə hadisə baş verib? Bilmirəm, nə deyirsiniz. Tədbirlərlə bağlı sualınız varsa, buyurun. Yoxdursa, sağ olun. O barədə başqa vaxt danışarıq”.

Xatırladaq ki, məsələ ictimailəşdirildikdən sonra satıcının meyvələri özünə qaytarılıb.

Bəs o məmur hansı formadasa tənbeh edilib? Onu cəza gözləyir?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, sözügedən şəxsin davranışı Cinayət Məcəlləsinin 309-cu maddəsinin tələbləri və sanksiyaları ilə əhatə olunur:

“Həmin maddə vəzifə səlahiyyətlərini aşma halını nəzərdə tutur. Maddənin dispozisiyasında göstərilir ki, vəzifəli şəxsin öz səlahiyyətlərindən açıq-aşkar kənara çıxmaqla fiziki və ya hüquqi şəxslərin hüquqlarına, habelə dövlətin qanunla qorunan mənafelərinə zidd hərəkətlər etməsi cinayət hesab olunur. Cinayət Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, bu cür əməllərə görə həmin məmur 2 min manatdan 4 min manatadək cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər”.

Qeyd edək ki, Samir Bədəlova tənbeh və ya cəzanın tətbiq edilib-edilmədiyini dəqiqləşdirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Ləman İmran
Globalinfo.az

Paylaş: