Dekabrın 24-də Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən V. V. Mayakovski adına kitabxanada “Azərbaycanda Yeni il” adlı tədbir keçirilib.
Globalinfo.az bildirir ki, tədbirin təşkilatçısı Sankt-Peterburq dövlət universitetinin Şərqşünaslıq fakültəsin müəllimi, türkoloq Şahnaz Kamaldır.
Tədbirdə, həmçinin, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı konsulu Rəhim Rəhimzadə, Azərbaycan diasporunun üzvləri, kitabxananın oxucuları və şəhər sakinləri iştirak edib.
Tədbirdə Azərbaycanda Yeni ilin necə keçirilməsi haqqında məlumat verilib, şeirlər söylənilib, rəqslər ifa olunub. Sankt-Peterburq universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri Azərbaycan dilində mahnı oxuyublar. Onların çıxışı qonaqlar tərəfindən maraqla və alqışla qarşılanıb.
Tədbirdə 2023-cü ildə Rusiyada keçirilən, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan poeziyasının inciləri” adlı şeir müsabiqəsinin iştirakçıları və qalibləri də mükafatlandırılıb. Bu müsabiqə Moskvada yerləşən Azərbaycan Milli Mədəni Muxtariyyətinin və Rusiyadakı Azərbaycan Qadınları Birliyinin birgə səyi nəticəsində baş tutub. Müsabiqədə Rusiyanın müxtəlif bölgələrindən olan 126 uşaq və gənc iştirak edib.
Bu müsabiqədə, həmçinin, Şərqşünaslıq fakültəsinin tələbələri də iştirak ediblər. Onların azərbaycanca dedikləri şeirlər münsiflər tərəfindən yüksək qiymətləndirilib, I, II və III yerlərə, pul müukafatlarına layiq görülüb.















