Şahruddinin karyerası təhlükə altına düşə bilər, AFFA-dan reaksiya – FOTO

“Qarabağ” futbol klubunun qapıçısı Şahruddin Məhəmmədəliyevin sosial şəbəkədəki paylaşımı ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, “Köhlən atlar”ın qolkiperinin ötən gün baş tutan Almaniya-Yaponiya oyunundan sonra alman futbolçuların şəklini paylaşaraq 11 xoruz emojisini qoyması müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçiləri alman futbolçuların Qətərdə keçirilən Dünya Çempionatında LGBT hüquqlarının qorunmamasına etiraz olaraq ağızlarını tutduqlarını bildiriblər. Onlar Şahruddinin sözügedən paylaşımı ilə almanları təhqir etdiyini vurğulayıblar.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib ki, məsələ milli komandanın toplanışı zamanı baş vermədiyi üçün AFFA-nın bununla bağlı hər hansı qərar verməsi doğru olmaz.

İdman eksperti Aydın Bağırov isə bu paylaşımı Şahruddin Məhəmmədəliyevin dini baxışları ilə əlaqələndirib:

“Hər halda bu onun öz fikridir. Şahruddin paylaşım edəndə nəzərə almalıdır ki, belə məsələlərdə qərarları futbolçu özü deyil, federasiyalar qəbul edir. Komandanın üzvləri istəsə də, istəməsə də onu yerinə yetirməli olurlar. Ümumiyyətlə, bu məsələ yeni deyil və arxasında daha çox siyasi niyyət, ölkələrə təzyiq dayanır. Bu yaxınlarda “Feyenoord” klubunun türk əsilli oyunçusu Orkun Kökçü LGBT sarğısını taxmaqdan imtina etmiş və bunu milli adət-ənənələrinə zidd olması ilə əlaqələndirmişdi. Yəni etirazını daha sivil və sakit formada ifadə etmişdi. Bu mənada belə paylaşımlar zamanı futbolçu soyuqqanlılığını qorumalı, təhqiramiz ritorikadan qaçmalı, gələcək karyerasını və klubunun Avropadakı imicini düşünməlidir”.

Ekspertin sözlərinə görə, bu tip paylaşımlar oyunçunun karyerasına zərər vura bilər:

“Sabah Şahruddini hansısa Avropa klubu almaq istəsə, bu cür çağırış və münasibətinə görə transferdən vaz keçə bilər. Ümumiyyətlə, belə məsələlərdə ehtiyatlı olmaq lazımdır”.

Zaira Akifqızı
Globalinfo.az