Çempionlar Liqası: “Qarabağ”ın bütün potensial rəqibləri məlum oldu – SİYAHI

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın birinci təsnifat mərhələsində bütün potensial rəqibləri müəyyənləşib.

Globalinfo.az xəbər verir ki, bu, Albaniyada mövsümün qalibinin məlum olması ilə dəqiqləşib.

“Partizani” son turda qələbə qazanaraq, çempionluğununu rəsmiləşdirib. Komanda “Tirana” ilə eyni xal toplasa da, şəxsi oyunlardakı üstünlüyə görə çempion olub.

“Partizani” Çempionlar Liqasının birinci təsnifat mərhələsində səpələnməmişlər səbətində yer alacaq. “Qarabağ” isə güclülərin yer aldığı səpələnmişlər səbətində olacaq.

Ümumilikdə, I təsnifat mərhələsinin səpələnməmişlər səbətində yer alacaq kollektivlərin 13-ü dəqiqləşib. Onlara ilkin mərhələnin qalibi və Ermənistan çempionu qoşulacaq. UEFA-nın qərarına əsasən, Azərbaycan və Ermənistan klubları qarşılaşa bilmədiyindən və ilkin mərhələnin bütün iştirakçıları məlum olduğundan (onların hər biri “Qarabağ” üçün mümkün rəqib hesab olunur – red.) Azərbaycan çempionunun bütün potensial rəqiblərinin bəlli olduğunu demək olar.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 20-də olacaq. Raundun oyunları isə 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək.

UEFA Çempionlar Liqası

İlkin mərhələ

Səpələnmişlər: “Buduçnost” (Monteneqro), “Breydablik” (İslandiya)

Səpələnməmişlər: “Tre Penne” (San-Marino), “Atletik Ekaldes” (Andorra)

I təsnifat mərhələsi

Səpələnmişlər: “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Şerif” (Moldova), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Jalgiris” (Litva), HIK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Olimpiya” (Sloveniya), “Zrinski” (Bosniya və Herseqovina)

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Aris” (Limassol, Kipr), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmieras” (Latviya), “Ballkani” (Kosovo), “Larne” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Hesperanj” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya), “Partizani” (Albaniya).