Sahibə Qafarova: “Deputatlar Prezidentə müraciət edilməsini istəyir”

“Qlobal əhəmiyyətli toplantıların Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına şərait yaradacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, ölkəmizdə həm dünya səviyyəli tədbirlərin, həm də ictimai siyasi əhəmiyyət kəsb edən parlament seçkilərin keçirilmə vaxtı noyabr ayına təsadüf edir:

“Bununla birlikdə COP-29 konfransının və digər tədbirlərinin keçirildiyi dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olması məqsədəuyğun olması hamıya aydındır. Milli Məclis yeni çağırışının tam formalaşdırılması ilə normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsinə şərait yaradılacaq. Ölkəmizdə keçirilən tədbirlərlə bağlı ölkəmizdə müəyyən məhdudiyyətlərin tətbiq olunacağı da qaçılmazdır. Həm də seçkilərdə seçicilərin tam iştirakının maneəsiz təşkil olunması da dövlətin əsas vəzifələrindən biridir. Bütün bunları nəzərə alaraq Milli Məclisdə YAP-ı təmsil edən deputatlar mənə müraciət edib. Onlar növbədənkənar seçkilərin keçirilməsi üçün Prezidentə müraciət edilməsini istəyir”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciəti Milli Məclisdə dinlənilir. Müraciəti deputat Hikmət Babaoğlu səsləndirir.