Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Lənkəranda səfərdə olan zaman şəhər küçələrinin zibillə dolu olmasından şikayətlənib. O, mərkəzin təmizlənmədiyini, hətta zibillərin Dram Teatrının yaxınlığında yandırıldığını bildirib.
Məsələ ilə bağlı Globalinfo.az-a danışan deputat Cavanşir Paşayev Lənkəran şəhərinin təmiz olduğunu bildirib.
O, Tofiq Zülfüqarova böyük hörmət bəslədiyini deyib:
“Tofiq bəy bizim çox hörmətli siyasətçimizdir və onun şəxsiyyətinə, elminə, dövlətçiliyinə böyük hörmətim var. Sabiq nazirimizin fikirlərini müzakirə etmək istəmirəm. Sadəcə, Lənkəranın millət vəkili kimi bu məsələyə münasibət bildirəcəyəm. Özüm həftədə bir dəfə Lənkəran şəhərinə gedirəm. Bilmirəm, Tofiq bəy dəqiq hansı tərəfdə olub, amma mənim gördüyüm tam fərqli mənzərədir. Ola bilər sabiq nazir yarpaqlar tökülən zaman orada olub. Həmin dövrdə təbii ki, işçi qüvvələr oranı təmizlədikdən sonra yandırmış ola bilərlər. Hər şey ola bilər”.
Deputat Lənkəran rayon icra başçısı Tale Qaraşovun işini gözəl icra etdiyini bildirib:
“Mən deyərdim ki, bölgədə ən təmiz şəhərlərimizdən biri də məhz Lənkərandır. Hətta xarabalıqlar çox gözəl parklara çevirilib. Təbii ki, səbəb axtarsaq, çatışmazlıqların olduğunu görərik. Əlbəttə, gələcək üçün görüləsi işlər çoxdur. Amma nə olur olsun, Lənkəran bizim ürəyimizin bir parçasıdır, gözəl bölgəmizdir”.
Zaira Akifqızı
Globalinfo.az














