ABŞ məhkəməsi Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus Los-Ancelesdəki malikanənin müsadirə edilərək ən yüksək bazar qiymətinə satılması barədə qərar qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, ABŞ məhkəməsinin qərarı ilə həmin mülk cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunub.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsi bundan əvvəl keçmiş nazirin oğulları – Qurgen və Artem Xaçatryanlara qarşı cinayət işi açıb. Ermənistan və ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlığı nəticəsində ABŞ-də müvafiq məhkəmə prosesi başlayıb.
Bundan əlavə, aprel ayında Ermənistanın Baş Prokurorluğu Qaqik Xaçatryan və ona bağlı şəxslərdən 200 daşınmaz əmlakın və təxminən 84 milyon dolların müsadirə olunmasını tələb edib.
Xatırladaq ki, Q.Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Q.Xaçatryan əhəmiyyətli vəzifələrinə görə “super nazir” kimi tanınır. O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb. Sabiq məmur S.Sarkisyanın (2008-2018-ci illər) komandasının əsas siyasi fiqurlarından olub.















