Sabah İsraildəki səfirliyimizin rəsmi açılışıdır: kimlər iştirak edəcək?

“Azərbaycanın İsraildə səfirliyinin açılması strateji əhəmiyyət kəsb edir. Səfirliyimiz açılışında Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndələri də ən yüksək səviyyədə iştirak edəcək”.

Bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, İsrail 25 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən oldu:

“1992-ci ilin aprel ayından etibarən isə iki ölkə arasında diplomatik əlaqələr qurulub. Azərbaycanda yaşayan etnoslar içərisində yəhudilər özünəməxsus yerə sahibdir. Belə ki, bu gün Bakıda və Qubada 30 minə yaxın yəhudi əsilli Azərbaycan vətəndaşları yaşayır.

Arzu Nağıyev

Bu gün İsrailin Azərbaycanda səfirliyi mövcuddur və düşünürəm ki, uğurla öz fəaliyyətini davam etdirir. İki ölkə arasında ən ciddi məqamlardan biri də odur ki, Azərbaycan İsraillə həm də strateji tərəfdaşdır. İsraillə çox geniş iqtisadi əlaqələrimiz var. Misal üçün iki ölkə arasında silah sənayesinin inkişaf etdirilməsi, habelə qarşılıqlı alışı ilə bağlı da mühüm sazişlər var. İsraildən fərqli olaraq Azərbaycanın uzun illər İsraildə səfirliyi olmadı. Belə ki, İran və ərəb ölkələri tərəfindən bu addımın atılması narazılıqla qarşılana biləcəyi üçün səfirlik təşəbbüsü irəli sürülmürdü.

Hesab edirəm bu gün bu narahatlıqlar aradan qaldırılıb. Məlumdur ki, ərəb ölkələrinin özləri də hazırda İsraildə səfirliklər açır. İordaniya və Misiri misal göstərmək olar.
O ki qaldı İrana, rəsmi Tehran Ermənistan ilə strateji tərəfdaşdır və bu ölkənin müxtəlif şəhərlərində konsulluqları var. Yeri gəlmişkən, Ermənistanın özünün bu gün İsraildə səfirliyi var.
Azərbaycan müstəqil suveren ölkədir və istədiyi ölkədə səfirlik aça bilər. Hesab edirəm nə İran, nə də bir başqa ölkə bundan narahat olmamalıdır”.

Turan Rzayev
Globalinfo.az