Sabah Yasamal və Qaradağ rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonunun Həsən bəy Zərdabi prospekti 47 və 75 ünvanlarında, Qaradağ rayonunun isə Ümid qəsəbəsində yeni çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə avqustun 7-si saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.B.Zərdabi və Mətbuat prospektlərinin, eləcə də Akim Abbasov və Haqverdiyev küçələrinin bir hissəsinin, Qaradağ rayonunun isə Ümid qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Paytaxtın Nəsimi rayonunun və Sumqayıt şəhərinin bir hissəsində də qaz olmayacaq.
Bildirilib ki, Nəsimi rayonunun Cavadxan küçəsində 3 ədəd siyirtmənin əvəz olunması və Sumqayıt şəhərinin Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə 06.08.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun (Cavadxan, 20 Yanvar, Asif Məhərrəmov küçələri) və Sumqayıt şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin İmişli rayonunun 23 yaşayış məntəqəsində də qaz kəsiləcək.
“İmişli 1” ölçü qovşağından qidalanan D 219 mm-lik daşıyıcı qaz kəmərinin qaynaq hissəsində yaranmış nasazlığın aradan qaldırılması məqsədilə saat 09:00-dan etibarən işlər yekunlaşanadək İmişli şəhər mərkəzi, 20 kənd, 2 qəsəbədə (ümumi 17 969 abonent) “İmişli 1” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.














