Saatlıda ata və oğulun qorxunc əməli: 66 yaşlı kişinin meyitini belə “yox” etdilər – Detallar / VİDEO

Saatlıda ata və oğulun qorxunc əməli: 66 yaşlı kişinin meyitini belə "yox" etdilər - Detallar / VİDEO

Fevralın 5-dən etibarən itkin düşən Saatlı rayon sakini, 66 yaşlı Mirhəsən Seyidovun öldürülməsi ilə bağlı bəzi təfərrüat məlum olub.

Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, fevralın 16-sı səhər saatlarında M.Seydiovun meyiti su kanalında aşkarlanıb.

Mərhumun qonşuları, qətli törətməkdə şübhəli sayılan ata və oğul saxlanılıb.

Mirhəsən Seyidovun yaxınları qətlin tamah məqsədilə törədildiyini iddia edirlər.

“İş yerindən bizə zəng edib məlumat verdilər ki, Mirhəsən işə gəlmir, əlaqə nömrəsinə zəng çatmır və neçə gündür ki, onu axtarırıq. Sonra polis tapdı. Kiminsə torpağını behləyib yiyə durub, orada da qonşusunun gölü var imiş. Elə o göldə də meyitini tapıblar. Hadisə mülk məsələsinə görə olub”, – deyə yaxını bildirib.

Ətraflı süjetdə:

***14:25

Saatlı rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində fevralın 5-də itkin düşmüş Saatlı rayon Şirinbəyli kənd sakini, 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qəsdən öldürülməsi müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu 2005-ci il təvəllüdlü Elçin Abbasovun fevralın 5-də rayonun Şirinbəyli kəndi ərazisindəki çöl sahədə həmkəndliləri Mirhəsən Seyidovu sonuncuya məxsus avtomobildə tamah məqsədilə məftil vasitəsilə boğaraq qəsdən öldürməsi, hadisəni gizlətmək üçün meyiti ayağına daş bağlayaraq həmin ərazidəki su kollektoruna atmalarına əsaslı şübhələr müəyyən edilib.

Mirhəsən Seyidovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşad Abbasov və Elçin Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.