Saatlar sonra sürpriz yaşana bilər – “Qarabağ”ın oyunu bağlı vacib detallar

Saatlar sonra sürpriz yaşana bilər – "Qarabağ"ın oyunu bağlı vacib detallar

Bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” və “Kopenhagen” komandaları üz-üzə gələcək. Bildirilir ki, qarşılaşma həm turnir cədvəli, həm də psixoloji üstünlük qazanmaq baxımından hər iki klub üçün əhəmiyyət kəsb edir.

Oyundan gözləntilər nələrdir? Hansı komanda qələbəyə daha yaxın sayılır?

Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev deyib ki, sözügedən qarşılaşma hər iki klub üçün növbəti mərhələyə vəsiqə qazanmaq baxımından strateji əhəmiyyət kəsb edir:

“Kopenhagen” turnirin favoritlərindən olan “Bayer Leverkuzen”ə qarşı heç-heçə nəticə ilə vacib bir xal qazanıb. “Qarabağ” isə Portuqaliyanın aparıcı klublarından biri olan “Benfika”nı məğlub etməklə yalnız Avropada deyil, bütün futbol ictimaiyyətində səs-küyə səbəb oldu. Bu zəfər dünya mediasında da geniş rezonans doğurdu. Məhz bu səbəbdən hər iki komanda qarşılaşmaya ciddi şəkildə hazırlaşıb. Bunu həm oyun öncəsi mətbuat konfranslarında, həm də əvvəlki daxili çempionat oyunlarında göstərilən yanaşmadan görmək mümkündür. Hazırlıqlar maksimal səviyyədə aparılıb. Eyni zamanda, hər iki komandada itkilər var. Təbii ki, bu, “Qarabağ” üçün də keçərlidir. Komandamız üçün ən ciddi itki isə Marko Yankoviçin zədə səbəbindən oyunu buraxmasıdır. O, komanda üçün önəmli oyunçudur. Lakin “Qarabağ”ın oyun sistemi fərdi futbolçulara deyil, kollektiv sistemə əsaslandığından, bir oyunçunun yoxluğu komandanın ümumi oyununa ciddi təsir göstərmir. Komanda üzvləri bir-birini əvəzləmək bacarığına malikdirlər”.

Saatlar sonra sürpriz yaşana bilər – "Qarabağ"ın oyunu bağlı vacib detallar

Kənan Məstəliyev

Jurnalist bildirib ki, “Kopenhagen” dörd müxtəlif taktiki sxemlə oynaya bilir:

“Onların klassik 4-4-2 sxemi daha çox ingilis futboluna bənzəyir. Cinahlardan aktiv şəkildə hücum qururlar və əsas təhlükəni məhz oradan yaradırlar. Qarşı tərəf cinah hücumları və dəqiq ötürmələrlə qapı qarşısında təhlükəli vəziyyətlər yaratmağa çalışır. Bu səbəbdən onların cinah oyununa qarşı xüsusi diqqətli olmaq vacibdir. Bununla belə, məhz bu oyun sisteminə qarşı “Qarabağ”ın tətbiq etdiyi klassik 4-2-3-1 sistemi çox uyğundur. Komandamız topa nəzarətə əsaslanan, “tiki-taka”ya bənzər oyun üslubu ilə bu qarşılaşmada da üstünlük qazana bilər. Əgər belə oyun tərzi sürətli şəkildə tətbiq olunarsa, rəqibin müdafiəsində boşluqlar tapmaq mümkün olacaq. Düşünürəm ki, “Qarabağ”ın “Benfika” səfərində qazandığı tarixi qələbəni uğurlu bir seriyaya çevirmək üçün əla şansı var”.

Qeyd edək ki, qarşılaşma oktyarın 1-i saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

Zaira Akifqızı
Globalinfo.az