Saakaşvili həbsdə 1 ilə bu günə qalıb – FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən Tbilisidə Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin cəzasının təxirə salınması ilə bağlı məhkəmə iclası keçirilib. Gürcü siyasətçi məhkəməyə müalicə aldığı klinikadan onlayn şəkildə qoşulub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdən Saakaşvilinin hazırda hansı vəziyyətdə olduğunu görmək mümkün olub. Belə ki, siyasətçinin həddindən artıq çəki itirməsi tərəfdarları arasında narahatlığa səbəb olub.

Saakaşvili ötən il oktyabrın 1-i Tbilisidə saxlanılarkən tamamilə sağlam görünsə də, hazırda səhhəti kritik vəziyyətdədir.

Gürcü siyasətçinin həkimi Levan Peradenin sözlərinə görə, 2 m-ə yaxın boyu olan Saakaşvilinin hazırda çəkisi 80 kq-a enib. O bildirib ki, siyasətçi hərəkət etməkdə və qida qəbulu zamanı çətinlik çəkir. Bununla belə, Saakaşvilinin sürətlə çəki itirdiyi və zəiflədiyi də bildirilir.

Eyni zamanda, M.Saakaşvilinin anası Giuli Alasaniya toksikoloji analiz nəticəsində oğlunun bədənində zəhərli maddələr aşkar olunduğunu qeyd edib.

Vəkillərdən biri Valeriy Qelbaxiani Saakaşvilinin zəhərləndirilməsinə dair şübhələrin olduğunu vurğulayıb.

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. O, cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.