Saakaşvili Gürcüstanı ayağa qaldırır – İnqilab həyəcanı

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılmaması ölkədəki vəziyyəti kritik həddə çatdırıb.

Globalinfo.az xəbər verir ki, məhkəmənin qərarına ən sərt reaksiyanı Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası verib.

Partiya qərardan sonra Baş nazir İrakli Qaribaşvilinin qərargahı önündə etiraz aksiyası təşkil edib. Bu gün saat 17:00-da daha genişmiqyaslı aksiyanın keçiriləcəyi bildirilib.

Vahid Milli Hərəkat Partiyası aksiyaların davamlı olacağını və paytaxt Tbilisi ilə bərabər bölgələrdə də baş tutacağını açıqlayıb.

Partiyanın yeni sədri Levan Xabeişvili artıq Gürcüstan hakimiyyətinin qayğısız günlərinin sona gəldiyini açıqlayıb:

“Bidzina İvanişvili Putinin tapşırığını yerinə yetirmək qərarı verdi və faktiki olaraq Putinə qarşı vuruşan baş komandana ölüm hökmü çıxartdırdı. Milli Hərəkat konkret qərar verib, İvanişvili və onun marionet rejimi bunu yaxşı xatırlamalıdır. Bu gündən Gürcü Arzusuna rahatlıq olmayacaq. Bunu isə ilk növbədə Baş nazir Qaribaşvili hiss edəcək. Milli Hərəkat fövqəladə rejimə keçir”.

O həmçinin xarici səfirlərlə əlaqəyə keçdiklərini və Saakaşvilini həyatda saxlamaq üçün onların hökumətə təzyiqlərini gücləndirməsini istədiklərini bildirib.

Partiya parlamentdəki fəaliyyətini tam dayandırdığını açıqlayıb. Bildirilir ki, bu qərar Gürcüstanda yenidən parlament böhranını alovlandıra bilər.

Hakimiyyət hər şeyə rəğmən, müxalifətdən gələn ittihamlar qarşısında səssizliyini qoruyur.

İlkin Həsənov
Globalinfo.az