Rusiyaya qarşı yeni taktika – Putin üçün geri sayım başladı

Rusiyaya qarşı yeni taktika - Putin üçün geri sayım başladı

ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi 50 günlük müddəti 10 günə endirməsi beynəlxalq siyasi dairələrdə müzakirələrə səbəb olub. Əgər bu müddətdə Moskva geri addım atmasa və Ukraynada müharibəni dayandırmasa, Rusiya və onunla ticarət edən ölkələr üçün 100%-ə qədər genişlənmiş ikincili sanksiyalar tətbiq olunacaq.

Analitiklərin fikrincə, bu diplomatik gediş Rusiyanın neft gəlirlərini və beynəlxalq ticarət əlaqələrini hədəf almaqla, Kremlin iqtisadi dayaqlarını sarsıtmağa yönəlib. Bir sıra Rusiya rəsmiləri Ağ Evin bəyanatlarını riskli olaraq qiymətləndirsə də, rəsmi olaraq məsələyə elə də ciddi reaksiya verilmir.

Rusiya ABŞ-ın qarşısında geri addım atacaqmı? Razılaşma olmayacağı halda, bu, Moskva üçün nə ilə nəticələnəcək?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, sanksiyalar Rusiya iqtisadiyyatına gözlənilən təsiri göstərmir:

“Çünki Rusiya alternativ mexanizmlərə əl atır. Məsələn, BRİKS üzərindən dollara alternativ ödəniş vasitələrinə yönəlir və digər ölkələri də buna təşviq edir. Kremlin bir müddətdir qiymətli metallara üstünlük verməsi də bunun göstəricisidir.

Rusiyaya qarşı yeni taktika - Putin üçün geri sayım başladı
Əziz Əlibəyli

Banklardakı vəsaitin arxasında real iqtisadi ekvivalent olmalıdır. Məsələn, Azərbaycan iqtisadiyyatının ekvivalenti neftdir. Gürcüstanda bu, turizmdir. Ermənistanda isə müxtəlif şirkətlərin icarəyə verilməsi və kənd təsərrüfatı əsas dayaqlardır.

Trampın Rusiya Prezidenti Vladimir Putinə vaxt verməsinin bu vəziyyəti dəyişəcəyini düşünmürəm. ABŞ və Ukrayna sülh çağırışları etsə də, Rusiya cəbhədə irəliləməyə davam edir. Yəni təzyiqlərin artmasına baxmayaraq, real təsir ehtimalı zəifdir. Trampın təzyiqləri nəticə verməyə bilər”.

Turan Rzayev
Globalinfo.az