Rusiyanın Xankəndiyə girişinə imkan verilməyəcək: Moskvaya başqa variant təklif edilə bilər

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin və bir neçə ölkə rəsmiləri Qarabağda Rusiya konsulluğunun açılması ilə bağlı təkliflə çıxış edib. Bu, Azərbaycanda ciddi şəkildə müzakirə edilir. Müzakirənin əsas xətti isə etirazdır. Rusiyanın bu və ya digər şəkildə Qarabağa qayıtması istənilmir.

Rusiya nə üçün məhz Xankəndidə konsulluq açmaq istəyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiya rəsmilərinin Xankəndidə Rusiya konsulluğunun açılmasına dair səsləndirdiyi fikirlər Azərbaycanda birmənalı qarşılanmır:

“Konsulluq açmaq üçün Xankəndinin seçilməsi haqlı suallar yaradır. Bununla bağlı yekun qərar Azərbaycan rəhbərliyi tərəfindən veriləcək. Dövlət qurumları məsələ ilə bağlı qərar verməlidir. Hazırda gedən müzakirələr isə ictimai xarakterlidir. Mütləq əksəriyyət isə belə bir konsulluğa ehtiyac olmadığını bildirir. İndi Xankəndidə və ətraf ərazilərdə Rusiya vətəndaşları yaşamır, rus dilli əhali yoxdur. Burada konsulluğun açılması məntiqli sayıla bilməz”.

Oqtay Qasımov

Politoloq digər şəhərlərimizdə Rusiya konsulluğunun açılmasının mümkün olub-olmayacağı ilə bağlı sualımıza belə cavab verib:

“Əlbəttə, bu məsələyə ciddi yanaşılmalıdır. Rusiya vəziyyəti belə izah edir ki, Azərbaycanın orada bir səfirliyi və iki konsulluğu fəaliyyət göstərir və nəticədə Rusiyanın da Azərbaycanın bölgələrində konsulluğu fəaliyyət göstərə bilər. Gəncədə, Bərdədə və ya digər bölgələrdə rus konsulluğunun açılması məsələsinə baxıla bilər. Gəncə böyük şəhərdir və böyük regionun mərkəzi rolunu oynayır. Gəncəbasar və ətraf rayonlardan Rusiyaya gedən və orada işləyən xeyli vətəndaşımız var. Onların bəziləri hətta Rusiya vətəndaşlığı statusu da alıblar. Məhz bu səbəbdən prosesə yanaşıla bilər. Amma Qarabağ ərazisində erməni əhali yaşamır, onların geri qayıtmaq perspektivi qeyri-müəyyəndir . Eyni zamanda bölgədə Rusiya vətəndaşları yaşamadığından konsulluğun Xankəndidə açılmasının məntiqi izahı ola bilməz”.

Bu da sizə maraqlı ola bilər: Rusiyanın şok Zəngəzur dəhlizi PLANI: Moskva sürpriz hazırlayır

Safura Bənnayeva
Globalinfo.az