
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasinin rəsmi Moskvanın Qarabağda konsulluq açmaq istədiyini deməsi Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb.
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, konsulluq xidmətlərinin açılması adətən hər iki tərəfdən razılaşdırılmış formatda həyata keçirilir.
O bildirib ki, Azərbaycan dövləti buna müsbət yanaşacaqsa, deməli, tərəflər arasında münasibətlərin, bəzi məqamların həllinə yönəlmiş bir təşəbbüsdür:
“Bu məsələnin arxasında böyük problemlərin olmasına inanmıram. Bəli, konsulluq missiyalarının açılması, onların mübadiləsi hər zaman siyasi cəhətdən qarşılanır və özünəməxsus çalarlar daşıyır. Lakin indiki halda Rusiya, sadəcə, özünün Qafqaz bölgəsindəki təmsilçiliyini genişləndirir. Bu, yalnız Azərbaycana aid deyil. 2008-ci ildə Rusiya və Gürcüstan arasında müharibə oldu. O dövrdə Rusiyanın siyasi və hərbi dairələri çox narahat oldular. Çünki onların xüsusilə Cənubi Qafqaz bölgəsində insanların gediş-gəlişi, nəqliyyat xidmətinin istismarı ilə bağlı problemləri var idi. Müharibənin də zərurəti artıq silah-sursatın daşınmasını gündəmə gətirmişdi. Amma indiki halda, əlbəttə, Rusiya istəyir Qafqazdakı təmsilçiliyini, mövcudluğunu bir qədər möhkəmlətsin. Azərbaycan buna narazılıqla yanaşmamalıdır, çünki bizim Rusiya ilə problemimiz yoxdur. Rusiyanın problemi daha çox Ermənistanladır. İndi Gürcüstanla da müəyyən ikitərəfli addımlar müşahidə olunur. Biz görürük ki, rəsmi Tbilisi və Moskva arasında hətta xüsusi nümayəndələr var. Onlar danışıqlar, məsləhətləşmələr aparırlar və hər iki tərəf də bir qədər köhnə qaydaya qayıtmaq istəyir”.

Tofiq Abbasov
Politoloq vurğulayıb ki, Qərb Rusiyanı Qafqazdan uzaqlaşdırmağa çalışır:
“Rusiyanın Qafqazdan getməyəcəyinə əminəm. Həm də Rusiyanın Qafqazda mövcudluğunu təmin edən Türkiyədir. 100 il əvvəl Moskvanın narahatlığı Osmanlı və Türkiyə ilə bağlı idisə, Atatürkün gəlişindən sonra münasibətlər yarandı.
İndiki halda Rəcəb Tayib Ərdoğan, bir növ, Rusiya-Türkiyə münasibətlərində zəmanət kimi çıxış edir. Putin Ərdoğana inanır, münasibətlər də normaldır”.
T.Abbasov qeyd edib ki, Xankəndidə Rusiya konsulluğunun açılması maraqlarımıza məhdudedici effekt gətirməyəcək:
“Qarabağ məsələsinin köklü surətdə həlli bir daha göstərdi ki, Rusiya bizim yaratdığımız yeni reallıqla barışıb, razılaşıb. Hətta son günlər ərzində Rusiya və Azərbaycan rəhbərləri arasında yenidən telefon danışıqları olub. Elə bir problem yoxdur ki, bizim cəmiyyətimizdə narahatlıq doğursun. Dediyim kimi, Rusiyanın ən böyük problemi Ermənistandır”.
Zaira Akifqızı
Globalinfo.az