Deputatın “erməni küçəsi” təklifinə sosioloqdan REAKSİYA

Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, Qarabağdakı küçələrdən birinə erməni ictimai fəal, sülhpərvər aktivist Georgi Vanyanın adı verilsin.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, ermənilərlə bir yerdə yaşayacağıqsa xeyli psixoloji problemlər olacaq:

“Bizim görəcəyimiz əsas işlərdən biri erməniləri başa salmaq, proseslərdə ədalətli mövqe tutmağa inandıra bilməkdir. Bunun üçün də gərginliklə iş görmək olmaz. Gərək müəyyən qarşılıqlı, ahəngdar münasibət yaradan işlər görülsün ki, bunlardan biri də o küçələrdən birinə hansısa erməninin adının verilməsi ola bilər”.

Əhməd Qəşəmoğlu

Sosioloq bunun zəruri olmadığını da qeyd edib:

“Təbii ki, bizə düşmənçilik edən ermənilərin yox, qarşılıqlı əlaqəyə kömək edən, fəaliyyətləri olmuş ermənilərdən kimlərinsə adını vermək olar. Fazil Mustafanın bu təklifinə normal baxıram, amma belə tələsik qərar qəbul etmək olmaz. Ümumi, düşünülmüş bir konsepsiya olmalıdır. O konsepsiyaya uyğun addımlar atılması məqsədəuyğundur”.

Zaira Akifqızı
Globalinfo.az