Rusiyanın Laçın yolu bəyanatına Bakının cavabı: “Qisas-3” qiyamətə qalmayacaq

Rusiyanın Laçın yolu bəyanatına Bakının cavabı: “Qisas-3” qiyamətə qalmayacaq

Qarabağ yenidən qan çanağına çevrilir. Verilən bəyanatlardan, gedən proseslərdən belə anlaşılır. Hərbi əməliyyatların başlaması an məsələsidir. Separatçı rejimin “rəhbərləri” provokasiyon bəyanatlar verir. Bu bəyanatlar gərginliyi və müharibə ehtimalını artırır.

Separatçıların saxta “xin rəhbəri” Sergey Qazaryan Bakı ilə danışıqlar barədə açıqlama verib. “Biz ən çox Azərbaycanla dialoqda maraqlıyıq, lakin o, müəyyən meyarlara cavab verməlidir”.

O iddia edib ki, guya Laçın dəhlizi bağlıdır və bu halda dialoqdan söhbət gedə bilməz. Azərbaycan tərəfi az qalsın hər gün Laçın dəhlizinin bağlı olması haqda deyilənləri təkzib edir. Videogörüntülər yayılır. Buna rəğmən separatçılar və rəsmi İrəvan özünü eşitməzliyə, görməzliyə vurur. Açıq şəkildə bizi şantaj edirlər.

Azərbaycan aprel ayında Laçında sərhəd keçid məntəqəsi quraşdırandan sonra separatçılar bunu beynəlxalq ictimai rəyə Azərbaycan tərəfin onları blokadaya alması kimi təqdim etməyə çalışırlar. İyunun 15-də Qarabağdakı qanunsuz erməni birləşmələrinin snayperlərinin açdıqları atəş nəticəsində hərbçimiz yaralandı. Bu təxribata Azərbaycan təmkinli davrandı. Düzdür, düşmənin iki snayperi zərərsizləşdirildi. Amma ermənilərin təxribatına gedilmədi. Ordumuz ermənilərə lazım olanda yox, biz istəyəndə ərazimizdə antiterror əməliyyatları keçirir. Necə ki, 10 gün öncə bunu hər kəs gördü, eşitdi.

İyunun 27-də Ordumuzun növbəti erməni təxribatına cavab olaraq həyata keçirdiyi “Qisas-2” əməliyyatı zamanı beş terrorçu zərərsizləşdirilib. Ermənistanın Müdafiə Nazirliyi onlardan ikisinin ölkənin silahlı qüvvələrinin hərbçisi olduğunu etiraf edib.

Separatçılar və Ermənistan hökuməti bilir ki, Azərbaycandan qat-qat zəifdirlər. İstənilən hərbi toqquşmalarda dəfələrlə çox itki verərək, geri çəkilirlər. O zaman niyə təxribatdan əl çəkmirlər? Nəyə, kimə arxayındırlar?

Rusiyaya, Fransaya, İrana?

Burda Rusiya amilini danmaq olmaz. Rusiya 44 günlük müharibə vaxtı təmkinli davranış sərgiləsə də, münaqişənin bitməsində maraqlı görünmür. Daha doğrusu, sülh sazişinin Vaşinqtonda, Brüsseldə, yaxud Qərbin nəzarətindəki bir başqa şəhərdə imzalanmasına qarşı çıxdığını hər fürsətdə bildirir. Vladimir Putin anlayır ki, münaqişə ABŞ-ın vasitəçiliyi ilə sülhlə başa çatsa, onun regionda təsir imkanı tükənəcək. Ona görə də hər dəfə Qərb paytaxtlarında nazirlərin və liderlərin görüşü ərəfəsində, ya da elə görüş gedən günlərdə sərhəddə təxribat baş verir.

İndi isə Rusiya açıq oyuna keçib. İyulun 6-da Rusiya Azərbaycana çağırış etdi ki, Laçın dəhlizinin açsın. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dili ilə Moskva ortaya mövqe qoyur.

Azərbaycanın bu çağırışa cavabı maraqla gözlənir. Azərbaycan tərəfi Rusiyanın bu mövqeyinə qarşılıq olar hansı addımları atacaq?

Rusiyaya bəhanə vermək olmaz. Maksimum ehtiyatlı davranmalıyıq. Siyasət ağıl və təmkin sənətidir. Burda emosiya yerimir. Lakin ənənəvi duruşumuza da xələl gətirəcək deyilik. Azərbaycan dövlətinin sərəncamında kifayət qədər resurs var ki, Rusiyanı və onun prezidentini neytral mövqeyə çəkilməyə vadar edə bilsin. Necə ki, Vətən müharibəsində bunu bacarmışdı, bu dəfə də eynisini yapmaq imkanlarına qadirdir dövlətimiz.

Amma söhbət Azərbaycanın ərazi bütövlüyündən, suverenliyindən gedirsə, burda artıq heç kimə, heç bir dövlətə güzəşt edilmir. Son 3 ildir bu taktika və strategiya ilə işğaldakı torpaqlarımızı azad etmişik. Rusiyanın, İranın, Amerikanın dediklərinə qulaq asası olsaydıq, indiki nəticələri əldə etməyimiz mümkün deyildi.

Görünən odur ki, Azərbaycan güzəştə getməyəcək. Növbəti antiterror əməliyyatları qaçılmaz görünür. Həm də vacib olduğu aşkardır.

Artıq hər kəs “Qisas-3” əməliyyatı haqda danışır. Nə Fransanın xoruz banlamasına bənzəyən bəyanatları bizi yolumuzdan çəkindirir, nə Rusiyanın “Laçın yolunu aç” çağırışı. Budəfəki əməliyyatlar daha geniş miqyaslı ola bilər. O qədər miqyaslı ki, separatçıların bəyanat verməyə, şərt irəli sürməyə heyləri qalmasın. Separatçı hayların heyini kəsməsək, bizi gələcəyə aparan yolumuz kəsilə bilər.

Bakıda iki gün Qoşulmama Hərəkatının iclası keçirildi. Bu tədbir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu, gücünü bir daha göstərdi. Prezident İlham Əliyevin sədrliyə ilə bu təşkilat dünyanın ən nüfuzlu qrumlarından birinə çevrilib.

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir, dünyanın dörd bir yanından qonaqlar qəbul edir, Fransa kimi Avropa dövlətinə dərs verir, onu küncə sıxır, bizə qarşı etdiyi yanlışlara, ədalətsizliyə görə diplomatik şəkildə cəzalandırılır. O tərəfdən də separatçıların zingiltisi eşidilir. “Rusiya, qoyma, Azərbaycan bizi…”. Nöqtələrin yerinə kim nə istəsə əlavə edə bilər. Zavallılar. Rusiya sizi elə qoruyan idisə, 44 günlük müharibədə qoruyardı.

Qarabağ ermənilərini yalnız Azərbaycan dövləti qoruya bilər. Bayrağımızın altına keçsələr, qanunlarımıza boyun əysələr, normal həyat tapacaqlar. Separatçılar da silahı yerə qoyub dövlətimizə təslim olsalar, amnistiyaya düşə bilərlər. Prezident İlham Əliyev bu fikirləri deyib, arxasında da dayanıb. Əksini etsələr – təslim olmasalar, təxribatdan əl çəkməsələr Ali Baş Komandan verdiyi digər bəyanatın icrasına başlamalı olacaq.

“Qisas-3” qiyamətə qalmayacaq…

Aydın Aslan
Globalinfo.az