“Könüllülər koalisiyası” adlandırılan ölkələr qrupu Ukraynadakı münaqişənin nizamlanmasını deyil, müharibənin davam etməsini istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Mən deyərdim ki, bu, müharibəni qızışdıranların koalisiyasıdır. Bu ölkələr sülh istəmir, müharibənin davam etməsini arzulayır və Rusiyaya strateji məğlubiyyət yaşada biləcəklərinə dair dərin yanlış təsəvvürə qapılıblar”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Peskov əlavə edib ki, “istəklilər koalisiyası” əslində “yanılanlar koalisiyasıdır”.
Onun sözlərinə görə, Rusiya iyulun 13-də Fransada keçiriləcək sammiti diqqətlə izləyəcək.
Çünki koalisiyaya daxil olan ölkələr Moskvanın fikrincə, Rusiyaya qarşı düşmənçilik xarakterli addımlar atırlar.
Qeyd edək ki, iyulun 13-də Parisdə keçiriləcək “Könüllülər koalisiyası”nın sammitində Ukrayna da daxil olmaqla 25 ölkənin nümayəndələrinin iştirakı gözlənilir.
Tədbirə NATO-nun baş katibi Mark Rutte də qatılacaq.
Məlumata görə, Fransa münaqişə başa çatdıqdan sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsini təklif edə bilər. Bundan başqa, iştirakçıların 2026-cı ildə Kiyevə 70 milyard avro həcmində hərbi yardım ayrılması kursunu təsdiqləməsi, ABŞ istehsalı olan Patriot raketlərinin Ukraynada lisenziyalı istehsalını və ukraynalı mütəxəssislərin iştirakı ilə yeni Avropa raketdən müdafiə sisteminin yaradılmasını müzakirə etməsi planlaşdırılır.
Bundan əvvəl Fransa diplomatik mənbələri Parisdə keçiriləcək sammitdə “mühüm qərarların” qəbul oluna biləcəyini bildirmişdi.
Qeyd edək ki, koalisiyaya ümumilikdə 37 ölkə daxildir, lakin Paris sammitində təxminən 25 ölkə təmsil olunur.
Əliyar Xəlil
Globalinfo.az