putin pasinyan

Rəsmi Moskva Ermənistanı növbəti dəfə təhdid edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ermənilərə Ukraynanın taleyini xatırladıb. Həmçinin bildirib ki, Ermənistan suveren, onlar üçün qardaş ölkədir.

Peskov Ermənistanın siyasi müdrikliyinə ümid etdiklərini söyləyib:

“Biz istəmirik ki, onlar Kiyevin bir vaxtlar seçdiyi alternativsizliyi seçsinlər. Dostluq və isti münasibətləri davam etdirməyə sadiqik”.

Bu, açıq şəkildə Ermənistanın işğalla hədələnməsidir. Son aylar Rusiyadan oxşar hədələr intensivləşib. Bu hədələr reallaşa bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Fərhad Məmmədov Rusiyanın Ermənistanı müharibə ilə hədələdiyini düşünmür:

Ferhad Memmedov

Fərhad Məmmədov

“Rusiyanın bu bənzətməsi Ermənistanın Avropa İttifaqı ilə iqtisadi inteqrasiyasını və təhlükəsizlik sistemində Kremlə alternativ kimi Fransanı, eləcə də Aİ-ni seçməsindən qaynaqlanır. Çünki Ukrayna ilə gərginlik rəsmi Kiyev və Aİ arasında assosiasiya, azad ticarət müqaviləsinin bağlanması ərəfəsində başladı. Rusiyanın Ukraynaya olan əsas təsir rıçaqları iqtisadiyyatla bağlı idi. Aİ ilə başlayan əməkdaşlıq fonunda yeni qaydaların gətirilməsi nəticədə rəsmi Kiyevin Moskvadan iqtisadi asılılığının azalmasına səbəb olacaqdı”.

Politoloqun sözlərinə görə, Ermənistan Ukraynanın yolunu gedir:

“Avropa İttifaqı və Ermənistan arasındakı SEPA müqaviləsinin genişləndirilməsi və dərinləşdirilməsi Rusiyada qıcıq doğurur. Rəsmi İrəvanın azad ticarət müqaviləsi müzakirələrin başlamasına səbəb olur. Bu, Avrasiya İqtisadi İttifaqına üzv olan ölkə üçün düzgün qərar deyil. Rusiyanın da qırmızı xəttidir. Ermənistana Avropa İttifaqı ilə öz ticarətini genişləndirməyə imkan verilir. Kreml də bundan çox məharətlə istifadə edir. Ermənistanın daha qətiyyətli addım atması Rusiyanın İrəvana qarşı embarqosuna səbəb ola bilər. Çünki Ukrayna ilə bağlı yuxarıda qeyd etdiyimiz hallar yarananda rəsmi Moskva Kiyevə ticarət embarqosu tətbiq etmişdi”.

Safura Bənayeva
Globalinfo.az

Paylaş: