Rusiya Mərkəzi Bankı iyulun 14-də Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Abdulhəmidoviç Kadırovun anadan olmasının 75 illiyinə həsr olunmuş 2 rubl nominalında xatirə gümüş sikkəni dövriyyəyə buraxacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, sikkə “Rusiyanın görkəmli şəxsiyyətləri” seriyasına daxildir:
“Onun diametri 33 millimetrdir və həm ön, həm də arxa tərəfində qabarıq haşiyə yerləşir. Sikkənin ön tərəfində Rusiyanın dövlət gerbi, “Rusiya Federasiyası”, “Rusiya Bankı” yazıları, 2 rubl nominalı və 2026 buraxılış ili əks olunub.
Arxa tərəfində isə Əhməd Kadırovun portreti, Qroznı şəhərinin panoramı və arxa planda Qafqaz dağları təsvir edilib. Kənarında “Əhməd-Hacı Abdulhəmidoviç Kadırov” yazısı, hər iki tərəfdə isə onun həyat illəri – 1951 və 2004 qeyd olunub”.
Məlumata görə, sikkə “proof” keyfiyyətində hazırlanıb, kənar hissəsi isə yivlidir. Onun tirajı 3 min ədəd olacaq.
Rusiya Mərkəzi Bankı vurğulayıb ki, bu xatirə sikkəsi ölkə ərazisində rəsmi ödəniş vasitəsi hesab olunur və nominal dəyəri ilə bütün ödənişlər zamanı məhdudiyyətsiz qəbul edilməlidir.
Əliyar Xəlil
Globalinfo.az