Azərbaycanla Rusiya arasında münasibətlərdə daha bir maraqlı məqam diqqət çəkir. Moskva bu günlərdə maraqlı və gözlənilməz təkliflə çıxış edib.
Belə ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıda Prezident İlham Əliyevlə görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olunub. Xatırladaq ki, S.Şoyqu Bakıya İrandan gəlib. Onun bu formatla bağlı Prezident İlham Əliyevə təklifi xüsusi diqqət çəkir.
Xeyli müddətdir arxa plana keçmiş bu formatı nə üçün Rusiya üçün aktual hala gəlib?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Sultan Zahidov deyib ki, Sergey Şoyqunun Bakıya səfərində müzakirə mövzularından biri “3+3” formatının canlandırılması oldu:
“Sözügedən format bir neçə ildir ki, təklif olunasa da hələ gözləntiləri tam doğrultmayıb. “3+3” formatında Gürcüstan Rusiya faktoruna görə iştirak etməyəcəyini bildirir. Ermənistan da “gah nala, gah da mıxa” vurur. Formatın tam şəkildə reallaşmasını əngəlləyir. Rusiya və İran da bundan narahatdır. Həmin formatı irəli sürən tərəflər isə Türkiyə və Azərbaycandır”.
Sultan Zahidov
Politoloqun sözlərinə görə, “3+3” formatını canlandırmaq istəyən Rusiyanın müəyyən maraqları var:
“Cənubi Qafqazda Qərb dövlətlərinin müxtəlif oyunları, məkrli planları həyata keçirilir. Ermənistan vasitəsilə onlar öz məqsədlərini, geosiyasi maraqlarını reallaşdırmaq istəyirlər. Ona görə də Qafqazdakı proseslərdə fəal olmağa çalışırlar. Rusiya sözügedən formatı dəstəkləməklə Qərbin Cənubi Qafqazdakı fəallığının qarşısını almaq istəyir.
Hazırda Yaxın və Orta Şərqdə də vəziyyət gərgindir. İran və İsrail arasında hər an eskalasiya yaşana bilər. Bu da bütün dünyanı lərzəyə salan faktordur. Müharibə baş verərsə, Qərb Yaxın və Orta Şərqə daha çox müdaxilə edə bilər. Rusiya və İran elə bu vəziyyətdən narahatdır. Ona görə müəyyən addımlar atmağa cəhd edirlər”.
Safura Bənnayeva
Globalinfo.az














