Rusiyada yaşayan azərbaycanlı miqrantlara təhlükə – Sabiq nazirdən xəbərdarlıq

Dünyada miqrantlarla bağlı kampaniya gedir. ABŞ-da, Fransada, Rusiyada və s. ölkələrdə gəlmələrlə bağlı kampaniya başlayıb. Aparıcı ölkələrdə siyasətçilər, məmurlar, hətta prezidentliyə, deputatlığa nazmizədlər miqrantlara dair sərt tədbirlərin görülməli olduğunu bildirir.

Avropada ultra millətçilər, sağçılar iqtidara gəldikcə bu tendensiya daha da artır.

ABŞ-da Donald Tramp bu mövqedən çıxış edir, Rusiya da gəlmələri sevmir və onlara qarşı mübarizə aparır. Aİ ölkələrində də eyni vəziyyətdir. Bu tendensiya artarsa, dünyada ciddi qarşıdurma yarana bilər.

Bizi ən çox narahat edən Rusiyadır. Orda təxminən 3 milyon azərbaycanlının yaşadığı deyilir. Antimiqrant tədbirləri güclənərsə, bu, Rusiyada yaşayan, işləyən azərbaycanlıların ordan qovulmasına səbəb ola bilər?
Milyonlarla insanın geri köçü mümkündürmü?

Mövzunu Globalinfo.az-a şərh edən sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, miqrant gəldiyi ölkədə ən yaxşı halda ikinci sırada dayanan şəxs olur.

O deyib ki, miqrant həyatı yaşamış və indi yaşayan hər kəs bunu çox yaxşı bilir:

“Şəxsən mən özüm uzun müddət Rusiyada yaşayıb, bunun canlı şahidi olmuşam. Bu gün dünyada ultra millətçilərin səsi getdikcə artmaqdadır. Avropanın bəzi ölkələrində onlar hakimiyyətə gəliblər, bəzi ölkələrdə də buna çox yaxındılar. Bu mövzuda ümumi olan çox fikirlər səsləndirmək mümkündür. Ancaq miqrant həyatından az xəbərdar olan və ya heç xəbəri olmayan oxucularımıza miqrant həyatının incəlikləri ilə bağlı bəzi məqamları söyləsək, o halda miqrant həyatının gerçək cizgilərini daha real çəkə bilərik. Baxın, Avropanın aparıcı dövləti olan Almaniyada miqrantlara münasibət necədir. Həkim kimi bu ölkəyə çalışmağa gedənlər danışırlar ki, xəstəxanalarda yerli həkimlərlə miqrant həkimlər arasında iş yükü 3-4 dəfə fərqlidir. Miqrant kimi gəlmiş həkimin iş yükü alman həkimin iş yükündən dəfələrlə çoxdur. Xəstəxanada həkim sayı çatışmadığı halda, elan edilmiş vakansiyalara yeni işçi götürmürlər, bunun əvəzində bütün işi miqrant həkimlərin üzərinə yükləyirlər”.

Fikrət Yusifov

Sabiq nazirin dediklərinə görə, Rusiyada qeyri-rusun ölüm işi demək olar ki, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmır:

“Yəni miqrant hər hansı bir hadisə nəticəsində öldürülübsə, bununla bağlı cinayət işi açılsa da demək olar ki, tədqiqat aparılmır. Ümumiyyətlə, Rusiyada miqrantlara münasibət dözülməz bir vəziyyətdədir. Miqrantın biznesi bir saat ərzində əlindən alına bilər, onu şərləyib həbs edə, müqavimət göstərərsə, həyatından bilər. ABŞ-da Co Baydenin prezidentliyi dövründə qanunsuz yolla ölkəyə 16 milyon miqrant gəlib. D.Tramp prezident seçiləcəyi tədqirdə bu miqrantları geri göndərəcəyini vəd edir. Bu da Amerika reallıqlarıdır”.

F.Yusifov Rusiyada milyonlarla azərbaycanlının yaşadığını qeyd edib:

“Bu gün Rusiyada miqrantlar nə qədər çətin vəziyyətdə yaşasalar da, vəziyət nisbi sakitdir. Lakin miqrantların zorla orduya cəlb edilməsi və Rusiya Ukrayna müharibəsi fonunda Rusiyada daxili sabitliyin pozulması ehtimalı vəziyyəti təhlükəli edir. Müharibə nəticəsində Rusiyada ictimai-siyasi sabitlik pozularsa, o zaman ultra millətçi qüvvələr də baş qaldıra bilərlər. Bu səbəbdən biz Rusiyadan çoxsaylı miqrant axınına həmişə hazır olmalıyıq”.

Zaira Akifqızı
Globalinfo.az