Rusiyada SENSASİON çevriliş anonsu: “Putini öldürün” çağırışının arxasında kim var?

Xaricdə yaşayan rusiyalı keçmiş deputatlar Rusiyada qətllər və vəziyyətin güc yolu gərginləşdirilməsi məqsədilə terror planı hazırlayırlar. Polşanın paytaxtı Varşavada bu həftə bir araya gələcək 60-dan çox siyasətçi Kremldə çevrilişlə bağlı 7 bəndlik planı müzakirə edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “Tayms” nəşri yazıb.

Nəşr bildirib ki, keçmiş rusiyalı deputatlar NATO-nu Rusiya hakimiyyət sistemindəki şəxslərə qarşı qətllər kampaniyasını dəstəkləməyə çağırıb. Təklif gələn ayın əvvəlində Vaşinqtonda keçiriləcək NATO-nun 75-ci sammitində təqdim olunacaq.

Təklif ilk başda diqqət çəksə də icrası qeyri-mümkündür. Məsələ ondadır ki, xaricdə yaşayan rusiyalı keçmiş deputatlar Putin hakimiyyəti üçün təhdid sayılmırlar. Daxili auditoriyada dəstəkçiləri az olduğu kimi, xaricdən dəstəkləri də kifayət qədər deyil.

Onların planı isə plandan daha çox fantaziya məhsuluna oxşayır. Xüsusilə Rusiyada qətllər və vəziyyətin güc yolu gərginləşdirilməsi məqsədilə terror planı hazırlamaq üçün onların resursu yoxdur. Rus xalqı da belə təşəbbüsü çətin ki, dəstəkləsin.

Rusiyada başda Putin olmaqla dövlət rəsmiləri kifayət qədər ciddi şəkildə qorunur, təhlükəsizlik tədbirlərinə diqqət edilir. Yəni strateji şəxslərə Putin istəmədiyi təqdirdə yaxın durmaq, onlara zərər vurmaq mümkün deyil. Bundan başqa, plan icraçıların özünün əleyhinə çevrilə bilər.
Təcrübə göstərir ki, Putin bu günə qədər əleyhinə yönələn bütün planları dəstəkçilərini artırmaq, hakimiyyətini möhkəmləndirmək və daxili auditoriyada birlik, bərabərlik çağırışlarını arqumentləşdirmək üçün istifadə edib.

Bundan başqa, sözügedən planın arxasında Rusiyanın Azadlığı Legionu və Milli Respublika Ordusu kimi təşkilatların olduğu deyilir. Qeyd edilən təşkilatların müəyyən resursu olsa da Rusiya daxilində gücləri çox azdır. Törətdikləri insidentlər isə barmaqla sayılacaq qədər azdır.

Nəticə etibarilə, keçmiş rusiyalı deputatların Putinə qarşı çevriliş planın icrası mümkün deyil. Plan isə ümumilikdə çiy və bəsitdir.

Bu plan haqda qlobal media resursunda məlumatın yayılması olduqca diqqət çəkir. “Tayms” kimi nüfuzlu bir nəşr nədən bu cür məlumatı ictimailəşdirsin? Burada diqqətçəkən digər informasiya çevriliş və qətl planı hazırlayan şəxslərin Polşanın paytaxtı Varşavada toplanmalarıdır. Kremlin əsas hədəflərindən birinin Polşa olduğu sirr deyil. Hətta qərbli siyasətçilər açıqca deyirlər ki, Rusiya Ukraynada qalib gələrsə, növbəti hədəfi Polşa olacaq. Əslində Putinin bununla bağlı planının olduğuna dair indiyədək beynəlxalq mediada çox yazılıb. Demək, Rusiyanın Polşanı hədəf seçməsi təsadüf sayılmamalıdır. Putinə qarşı planların koordinasiyası Varşavadan yönləndirilir.

“Tayms”ın bu sensasion məlumatına Rusiya rəsmilərindən heç kim reaksiya verməyib. Qarşıdakı günlərdə xəbərin nə dərəcədə əsaslı olub olmayacağı yəqin ki, bilinər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı