Rusiya Zatulin və Simonyanın Ermənistana giriş qadağasını çaşqınlıqla qarşıladı

Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin və erməni əsilli jurnalist Marqarita Simonyanın Ermənistan ərazisinə girişinə qadağa qoyulmasına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, bu barədə məlumatı çaşqınlıqla qarşılayıblar.

“Xatırladım ki, söhbət Dövlət Dumasının deputatı və Rusiya KİV-nin baş redaktorundan gedir. Biz diplomatik kanallarla dərhal Ermənistan tərəfinə bu məlumatın rəsmi şəkildə təsdiq edilməsi və izahat verilməsi üçün müraciət etdik. Hesab edirik ki, bu məlumat təsdiqini tapacağı təqdirdə, buna müttəfiqlik münasibətlərinin xarakterinə müvafiq olaraq qiymət veriləcək. Nə vaxt ki, rəsmi cavab alacağıq, o zaman atacağımız addımları, cavabımızı müəyyən edəcəyik”, deyə Rusiya XİN sözçüsü qeyd edib.