Rusiya Xarici İşlər Nazirliyi Aktau yaxınlığında baş vermiş təyyarə qəzasından sonra sığorta ödənişlərinin verilməməsi ilə bağlı xəbərləri təkzib edib.
Globalinfo.az xəbər verir ki, qurumun məlumatına görə, zərərçəkənlər və yaxınlarına kompensasiya məbləği ödənilib.
Bildirilib ki, Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri – 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası verilib.
“15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib”.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Tahir Turan
Globalinfo.az














