Bakı və İrəvana nümayəndə göndərə bilərik – Rusiya XİN

Bakı və İrəvana nümayəndə göndərə bilərik - Rusiya XİN

Rusiya Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatdırılmasını alqışlayır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında yer alır.

“Biz Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatdırılmasını alqışlayırıq. Biz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illər üçün üçtərəfli sazişlərdə nəzərdə tutulduğu kimi, tam və hərtərəfli Ermənistan-Azərbaycan normallaşmasına nail olmaq istiqamətində bu mühüm addımı dəstəkləyirik.

Biz tərəfdaşlar üçün məqbul olacağı dərəcə və formada sülh prosesinin daha da irəliləyişinə və Bakı ilə İrəvan arasında qalan məsələlərin, o cümlədən sülh sazişinin imzalanması üçün zəruri olan məsələlərin, nəqliyyat kommunikasiyalarının blokunun açılması, müştərək sərhədin delimitasiyası və humanitar məsələlərin həllinə hər cür kömək göstərməyi hədəfləyirik. Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İ.A.Xovayev müvafiq məsləhətləşmələr aparmaq üçün Bakı və İrəvana səfər etməyə hazırdır.

Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərinin bütün spektri üzrə Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar, habelə sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasının yaradılması təklifimizi təsdiq edirik”, – bəyanatda deyilir.

Aysel Əliyeva
Globalinfo.az