Rusiya və ABŞ yeni görüşə hazırlaşır – SƏBƏB

2023 09 23T183740Z 909673123 RC2HE3A6EXK0 RTRMADP 3 UKRAINE CRISIS UN LAVROV 1695498540

Rusiya və ABŞ ikitərəfli münasibətlərdəki problemlərin aradan qaldırılması və əlaqələrin normallaşdırılması üçün yeni görüşə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlama verib.

Nazirin sözlərinə görə, Moskva və Vaşinqton prezidentlərin razılığı əsasında hər iki ölkənin paytaxtlarında səfirliklərin fəaliyyətinə ciddi maneələr yaradan problemlərin aradan qaldırılması üzərində işləyir.

“İstanbulda bir görüş keçirilib, hazırda ikinci görüş hazırlanır. Bununla paralel olaraq telefon və videokonfrans vasitəsilə əlaqələr davam edir”, – deyə Lavrov bildirib.

O əlavə edib ki, hələlik proqnoz vermək istəmir, lakin bu istiqamətdə irəliləyiş və ABŞ tərəfinin diplomatik münasibətlərin normal qaydada bərpa olunmasına maraq göstərdiyini görürlər.

Lavrov vurğulayıb ki, diplomatların işinə mane olmaq təşəbbüsü Rusiyadan gəlməyib.

“Bu məsələdə ilk addımı atan Rusiya deyil. Hələ Obama administrasiyası bu sahədə fəal addımlar atmışdı. Biz sadəcə olaraq diplomatiyada dəyişməz qalan qarşılıqlılıq prinsipinə əsasən cavab verdik”, – deyə o qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az