“Rusiyanın Ukraynaya hücumu ardıcıl üçüncü aydır sürətlənib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “AFP” nəşri məqalə dərc edib.
Nəşr Amerika Müharibə Araşdırma İnstitutunun məlumatlarının təhlilinə istinadən xəbər verir ki, iyun ayında rus qoşunlarının hücumu sürətlənib. Bu, keçən ilin noyabrından bəri ən böyük hücum olub.
Məlumatlara görə, iyunda Rusiya ordusu Ukrayna ərazisinin 588 kvadrat kilometrini işğal edib. Müqayisə üçün may ayında bu rəqəm 507, apreldə 379, martda isə 240 kvadrat kilometr olub. Qışda Moskvanın irəliləmə sürəti xeyli azalıb.
2022-ci ilin fevralında başlayan müharibənin bütün dövründə Rusiya qüvvələri yalnız 2024-cü ilin oktyabrında (610 kvadrat kilometr) və noyabrda (725 kvadrat kilometr) daha böyük irəliləyiş göstərib.
İyunda ələ keçirilən ərazilərin üçdəikisi Ukraynanın şərqində, xüsusən, Donetsk vilayətindədir. Moskva indi Donetsk vilayətinin təxminən dörddəüçünə tam və ya qismən nəzarət edir. Bir il əvvəl isə bu rəqəm 61 faiz idi.
Bununla belə, məlumata görə, Rusiya son bir ildə Ukraynanın digər bölgələrində də əhəmiyyətli qazanc əldə edib. Bu qazancın ümumi sahəsi təxminən 200 kvadrat kilometrdir.
Rusiya ordusu şimal-şərqdəki Sumi bölgəsində də payını artırıb. Belə ki, 2025-ci ilin əvvəlindən təxminən 320 kvadrat kilometr ərazini işğal ediblər.
Ümumilikdə, son 12 ay ərzində (2024-cü ilin iyulundan 2025-ci ilin iyununa qədər) Rusiya Ukrayna ərazisinin demək olar ki, 5500 kvadrat kilometrini ələ keçirib. Müqayisə üçün qeyd edək ki, əvvəlki analoji dövrdə bu, cəmi 1215 kvadrat kilometr olub.
Əliyar Xəlil
Globalinfo.az














