Rusiya Türk dünyasını belə parçaladı – Bu torpaqlar Ermənistana ona görə verildi ki…

Qərbin Azərbaycana təzyiqinin arxasında nə dayanır?

Cənubi Qafqazdakı nüfuz uğrunda gedən geosiyasi savaş güclənir. Deyilir ki, təkcə Azərbaycanla deyil, bu savaş həm də Rusiya və Türkiyə ilə aparılır.

İddialara görə, Avropa, ABŞ Zəngəzur dəhlizinin nəzarət paketinin onların əlində olmasını istəyirlər. Qitələri birləşdirəcək bu yol həm də gələcək dünyanın qapısı hesab edilir.

Qərbin Azərbaycana təzyiqinin arxasında nə dayanır? Zəngəzur dəhlizi? Bu dəhliz açılacağı təqdirdə ona nəzarəti ələ keçirmək üçün savaş başlayıb? Kim qazanacaq?

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Zəngəzur dəhlizi geopolitik müharibənin getdiyi ən kritik və strateji nöqtədir:

“Bunun ən önəmli səbəbi isə Azərbaycan və yerləşdiyi geopolitik mövqe ilə bağlıdır. Məsələ ondadır ki, Azərbaycan Mərkəzi Asiya ilə Qərbi birləşdirən qovşaq rolunu oynayır. Digər bir deyilişlə ifadə etsək, rəsmi Bakı Qərbə açılan qapıdır. Hazırda isə enerji resurslarının Qərbə çatdırılması faktoruna görə bu önəm daha da artıb. Burada əsas məqam isə Qərbə enerji resurslarının fasiləsiz çatdırılmasıdır.

Rusiya yüz il öncə Zəngəzuru Ermənistana verərək faktiki olaraq bu məsələyə ciddi zərbə vurdu. Həmişə demişəm, imperiyalar beş-on illik siyasət qurmur. Qurduqları siyasət yüz, bəzən isə daha uzaq dövrü əhatə edir. Faktiki olaraq bu gün Zəngəzur dəhlizinin əhəmiyyətinin artması və regionda geopolitik mübarizənin qızışması Rusiyanın çoxillik planı ilə bağlıdır.

Zəngəzurun Ermənistana verilməsi və ümumilikdə Ermənistanın yaradılması da gələcəyə hesablanmış bir addım idi. Rusiya türk respublikalarının müstəqillik qazanması fonunda Türkiyənin bu ölkələrə yaxınlaşması və birbaşa quru bağlantısının olması üçün bu planı icra etdi.

Bu gün yuxarıda qeyd etdiyim faktorlar da daxil olmaqla bir sıra digər məsələlərə görə Zəngəzur dəhlizinin həm Rusiya, həm Qərb, həm də regionda marağı olan ölkələr üçün mühümdür”.

Turan Rzayev
Globalinfo.az