Azərbaycan-Ermənistan təyin edilməmiş şərti dövlət sərhədində son iki gündür gərginlik səngimir. Erməni təxribatı nəticəsində rəsmi Bakı iki şəhid verib.
Diqqətçəkən məqam isə sərhəddə baş verən təxribatların məhz Brüssel görüşünün keçirməsinə qısa bir müddət qala baş verməsidir.
Maraqlıdır, sərhəddə nə baş verir?
Azərbaycan Brüssel görüşündən imtina edə bilərmi? Bu təxribatlar haradan, kimdən qaynaqlanır?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Qabil Hüseynli deyib ki, baş verən təxribatlar heç də təsadüfi deyil:
Qabil Hüseynli
“Məsuliyyəti birbaşa Ermənistan daşıyır. Məsələ ondadır ki, bu təxribatlar məqsədyönlü və planlı şəkildə icra edilir. Bu təxribatların arasında isə bir yox, bir neçə güc dayanır. Daha dəqiq desək, proseslərin pərdəarxasında həm İran, həm Fransa, həm də Rusiya var.
Aydın məsələdir ki, İran Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsini istəmir. Tehran bunun gələcəkdə ona qarşı formalaşa biləcək koalisiyanın daha tez formalaşmasından ehtiyat edir. Buna görə də hər vəchlə Ermənistanı silahlandırır. Təsadüfi deyil ki, son təxribatlarda Ermənistanın havaya qaldırdığı PUA-lar İran istehsalıdır.
Rusiyaya gəldikdə isə rəsmi Moskva digərlərindən fərqli sülhün olmasını istəyir. Lakin çalışır ki, belə bir sülh onun moderatoluğunda baş tutsun. Əslində Kremlin niyyəti sülh adı altında prosesin gələcəkdə də onun maraqları çərçivəsində yenidən alovlanmasıdır. Yəni bir sülh imzalansa da bu sülh müvəqqəti xarakterli olacaq. Gərginliyin artmasında Rusiyanın marağı ondadır ki, Kreml prosesi özü tənzimləsin, beləcə, bir daha iki ölkəni sülh masasına yalnız özünün oturda biləcəyini isbat etsin.
Fransa proseslərin pərdə arxasındakı əsas oyunçudur. Məsələ ondadır ki, rəsmi Paris siyasi və hərbi baxımdan Ermənistana dəstək verir və bunu gizlətmir. Son olaraq Ermənistana təyin edilən yeni hərbi attaşenin bu ölkəyə kütləvi qırğın silahlarının satışını təmin edəcəyi xəbərləri yayılıb. Gərginliyin baş verdiyi bir zamanda bu xəbərlər təsadüfi sayıla bilməz”.
Politoloqun sözlərinə görə, nə olur olsun, Azərbaycan Brüssel görüşündən imtina etməməlidir:
“Brüssel formatı 27 il ərzində verilməyən bir çox qərarların verilməsi ilə seçilir. Belə bir format hər kəsin diqqətini çəkir və narahat edir. Xüsusilə də proseslərdə destruktiv mövqeyi olan qüvvələr Brüssel görüşlərindən çox narahatdır. Buna görə də Azərbaycan prosesdən imtina etməməlidir.
Azərbaycan Fransanın moderatorluğunda keçiriləcək Brüssel görüşünə qatılmayacağnı bildirdi. Rəsmi Parisin israrlı mövqeyinə görə isə daha fərqli varianta əl atdı. Söhbət Fransanın qarşısına ən böyük rəqibi olan Almaniyanın çıxarılmasından gedir. Rəsmi Berlin də Brüssel görüşü öncəsi keçiriləcək 5-li görüşdə iştirak edəcək. Yəni Ermənistanın Fransa kartına qarşı rəsmi Bakı Berlin kartını irəli sürdü”.
Turan Rzayev
Globalinfo.az














