Rusiya qondarma rejimdən üz döndərdi – Qonşu ölkə hərbi əməliyyatlara başlaya bilər

Rusiya qondarma rejimdən üz döndərdi - Qonşu ölkə hərbi əməliyyatlara başlaya bilər

Son zamanlar Rusiyanın qondarma “Abxaziya Respublikası”na qarşı mövqeyində kəskin dönüş hiss edilir. Belə ki, Rusiya hökumətindən sonra onun nəzarətindəki təbliğatçılar da qondarma “Abxaziya Respublikası”na qarşı hücumlara başlayıblar.

Abxaziya ilə Rusiya arasında gərginlik bir müddətdir davam edir. Moskva separatçı rejimi götürdüyü öhdəlikləri icra etməməkdə, Abxaziyanın daşınmaz əmlak sektorunu xaricilərə açmamaqda ittiham edir. Buna əsasən qondarma rejimin müxalif “deputatlarının” maneə yaratdığı deyilir.
Moskva cavab tədbiri kimi Abxaziyaya sosial ödənişlər üçün verdiyi vəsaiti kəsib. Kreml Abxaziyanı müxalif “deputatların” Rusiya vətəndaşlığını ləğv etməklə hədələyib.
Moskvanın qondarma “Abxaziya Respublikası”na qarşı mövqeyinin dəyişməsinin iki əsas səbəbi var:

Birincisi, Abxaziya Cənubi Osetiyadan fərqli olaraq Rusiyaya birləşmək istəmir, müstəqil dövlət kimi tanınmaq üçün əlindən gələni edir. Xüsusilə qondarma rejimin lideri Aslan Bjaniya qurumun müstəqilliyinin tanınmasına çalışır.
Aydın məsələdir ki, Kreml Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qarşı “kozr” olaraq əlində saxlayır. Yəni regionda iki yeni dövlətin yaranmasında maraqlı deyil. Hər iki qondarma rejimin müstəqilliyini tanısa da bu, formal xarakter daşıyır.

İkincisi, son zamanlar Gürcüstanda baş verən proseslər Rusiyanın xeyrinədir. Qərbə inteqrasiyanın səngiməsi, xarici agentlər haqda qanunun qəbulu, QHT və insan haqları təşkilatlarına yardımların gəlişinə maneələrin yaradılması Rusiya ilə Tbilisi arasında buzların əriməsi üçün münbit şərait yaradıb.

Rusiya Tbilisinin bu addımlarına Abxaziya ilə münasibətlərdə gərginlik fonunda jestlə cavab verir. Mesaj verilir ki, Gürcüstan üzünü yenidən Rusiyaya çevirsə, Abxaziya və Osetiya ilə bağlı məsələdə Kremlin mövqeyi müəyyən mənada dəyişə bilər.

Düzdür, Rusiya dərhal buna getməyəcək, amma Gürcüstanla münasibətlərin normallaşması Kreml üçün mühümdür. Abxaziyanın dikbaşlığını nəzərə alsaq, Kreml Tbilisiyə bu məsələdə güzəştə gedə bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı